Səfir: BDU və Qırğızıstan Milli Universiteti arasında əlaqələrin yaradılması vacibdir

Səfir: BDU və Qırğızıstan Milli Universiteti arasında əlaqələrin yaradılması vacibdir Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmanaliyevlə görüşüb.
Rektor Elçin Babayev səfirə BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanın ən böyük və qədim universiteti olan BDU-da 24 mindən artıq tələbə təhsil alır. BDU-nun 16 fakültəsində elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. Rektor son illər BDU-nun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, ikili diplom proqramlarının sayının 11-ə çatdığını, müxtəlif ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq müqavilələrinin imzalandığını bildirib. Bu əməkdaşlıqda türkdilli dövlətlər xüsusi yer tutur.
Elçin Babayev BDU-nun Qırğızıstan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Səfir Kayrat Osmanaliyev isə qeyd edib ki, Azərbaycanla Qırğızıstan ortaq tarixə, mədəniyyətə, ənənələrə malik qardaş ölkələrdir. Bu baxımdan Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq Qırğızıstan üçün prioritetdir. Səfir hər iki ölkənin flaqman universitetləri olan BDU və Qırğızıstan Milli Universiteti arasında əlaqələrin yaradılmasının vacib olduğunu vurğulayıb.
Görüşdə BDU ilə Qırğızıstan ali məktəbləri arasında əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər