ADMİU-da tədbir: Milli Qurtuluş Günü - xalqımızın şərəfli tarixi

ADMİU-da tədbir: Milli Qurtuluş Günü - xalqımızın şərəfli tarixi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heydər Əliyev Məktəbində “Milli Qurtuluş Günü - xalqımızın şərəfli tarixi” mövzusunda tədbir keçirilib.
Milli Qurtuluş Gününün 30-cu ildönümünə həsr edilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbiri açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Ulu Öndərin 100 illik yubileyi və “Heydər Əliyev İli” çərçivəsində universitetdə keçirilən silsilə tədbirlərdən danışıb. Qeyd edib ki, Milli Qurtuluş Gününə həsr edilən bugünkü tədbir də həmin silsilədəndir.
“Özümüzə borc bilirik ki, bu böyük şəxsiyyətin Azərbaycan üçün gördüyü işləri yada salaq”, - deyən rektor aprel ayında ADMİU-da “Heydər Əliyev və mədəniyyət siyasəti” mövzusunda beynəlxalq elmi-nəzəri konfransın keçirildiyini xatırladıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyətin və incəsənətin inkişafına böyük diqqət və qayğı göstərib, bu sahədə çalışanların, o cümlədən rejissorların, rəssamların, aktyorların yubileylərinin keçirilməsi, abidələrinin ucaldılması işinin bilavasitə təşəbbüskarı olub.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan professor Ceyran Mahmudova dövlətimizin başçısının fevralın 3-də Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamını xatırladıb. Habelə bu günlərdə görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim etməsini müvafiq sahənin nümayəndələrinə göstərilən diqqət və qayğıya bariz nümunələrdən biri kimi dəyərləndirib.
Bu il, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasının 100 illik yubileyi olduğunu deyən rektor bununla bağlı ali təhsil müəssisəsində silsilə tədbirlər keçirildiyini qeyd edib.
Tədbirdə çıxış edən Mili Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı bu günlərdə Azərbaycanda mühüm hadisələr yaşandığını, o cümlədən Laçına növbəti köç başlandığını, iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri etdiyini, iyunun 15-də isə ölkəmizdə Milli Qurtuluş Gününün qeyd olunacağını deyib. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə liderlərinin Şuşa Bəyannaməsini imzaladıqlarını xatırladan Əkbər Qoşalı iki ölkənin münasibətlərinin ortaq tarixdən qaynaqlandığını və ortaq gələcəyə doğru irəlilədiyini söyləyib. “Bu vurğulanan məqamlar otuz il bundan öncə - 1993-cü il iyunun 15-dən başlanmış ulu yolun təntənələridir. Ümummilli Liderimiz Azərbaycanda ali hakimiyyətə yenidən gəlməsəydi və Azərbaycanı inkişaf yoluna çıxarmasaydı, bu gün biz bu hadisələrdən danışa bilməzdik”.
Əkbər Qoşalı vurğulayıb ki, Heydər Əliyev əslində bizə yad bir imperiya içərisində milli dövlətçiliyi qorumaq mədəniyyətini aşıladı, 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələrkən isə bizə gələcəyi qurmaq mədəniyyətini öyrətdi.
“Bu gün biz Şuşada bayrağı dalğalanan ölkənin vətəndaşlarıyıq. İşğal olunmuş ərazilərimiz 44 gün ərzində azad edilsə də, bu 44 günə gətirib çıxaran 30 illik yoldan keçmişik”, - deyə Ə.Qoşalı vurğulayıb.
Tədbirdə, həmçinin Uludağ Universitetinin professoru Mehmet Yüce, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev, ADMİU-nun Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov çıxış ediblər.
Çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan üçün tarixi əhəmiyyətindən, Vətən müharibəsində qazanılan Zəfərdən və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin əbədiliyindən söz açıblar.

Tehsil-press.az


Oxşar xəbərlər