BANM-də növbəti Məzun Günü keçirildi

BANM-də növbəti Məzun Günü keçirildi SOCAR-ın Bakı Ali Neft Məktəbində növbəti Məzun Günü keçirilib.
Bu, Ali Məktəbin bakalavriat səviyyəsi üzrə 7-ci, magistratura səviyyəsi üzrə 5-ci məzun buraxılışıdır.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əldə olunan mühüm nailiyyətlərin təməlini qoyduğu qeyd olunub.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov əlamətdar gün münasibətilə məzunları təbrik edərək onlara uğurlar arzulayıb. Rektor bildirib ki, 2022/2023-cü tədris ilində Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 160, magistratura səviyyəsindən 98 nəfər olmaqla ümumilikdə 258 tələbə məzun olur:
“Yüksək bal toplayaraq Ali Məktəbimizin tələbəsi olmuş, burada təhsil aldıqları müddətdə peşəkar kadr kimi yetişmiş bu məzunlar karyera və növbəti təhsil pilləsinə qədəm qoyurlar. Böyük qürurla vurğulamaq istərdim ki, bu il məzun olan tələbələrimiz də uğurları ilə seçilir, SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, xarici şirkətlərdə, özəl və dövlət qurumlarında çalışır, dünyanın nüfuzlu universitetlərinə qəbul olur, təqaüd qazanırlar”.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək məzunlara həyatlarının bu yeni mərhələsində uğurlar arzulayıb və Bakı Ali Neft Məktəbinin müasir standartlara cavab verən infrastruktura, yüksək tədris mühitinə malik ali təhsil ocağı olduğunu, burada tələbələrin savadlı kadr kimi yetişdiyini bildirib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında məzunları, onların valideynlərini təbrik edərək, məzunların ölkəmizin inkişafına töhfə verəcəyinə, həmçinin SOCAR-ın qarşısına qoyduğu hədəflərə çatmaqda böyük rol oynayacağına əminliyini ifadə edib.
Məzunları təbrik edən, onlara uğurlar arzulayan bp şirkətinin Azərbaycan, Türkiyə, Gürcüstan üzrə regional prezidenti Qəri Counz SOCAR-ın Bakı Ali Neft Məktəbi yaradılandan bp şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirildiyini, bir sıra layihələr icra olunduğunu bildirib. O qeyd edib ki, Bakı Ali Neft Məktəbinin tələbələri bp şirkətində təcrübə keçir, müxtəlif proqramlarında uğurla iştirak edir, həmçinin məzunları bp-də müxtəlif vəzifələrdə çalışırlar.
Çıxışlardan sonra 2023-cü il məzun buraxılışı üzrə Ali Məktəbin birincisi - “İlin tələbə”si, Kimya mühəndisliyi ixtisasının məzunu Afaq Həşimova adını fəxri kötüyə həkk edib. O, BANM-in məzunu olmaqdan qürur duyduğunu bildirib, mütəxəssis kimi yetişməsində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan rəhbərliyə, fədakar müəllimlərə təşəkkür edib.
Əcnəbi tələbələr adından Neft-qaz mühəndisliyi ixtisasının məzunu, BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) təqaüdü ilə təhsil alan nigeriyalı tələbə İnyama Somtoçukvu Çidinma Azərbaycan dilində çıxış edərək Bakı Ali Neft Məktəbinin ona qazandırdıqlarından bəhs edib, həmçinin “Sarı gəlin” mahnısını ifa edib.
Məzun Günü diplomların təqdimolunma mərasimi ilə davam etdirilib.
Öncə Ali Məktəbi Fərqlənmə ilə bitirən məzunlara, ixtisas birincilərinə, sonra hərbi xidmətə yollanacaq məzunlara və SOCAR-ın Gənc İstedadlar proqramının iştirakçılarına diplomları verilib. Bu diplomlar tədbirdə çıxış edən rəsmi qonaqlar tərəfindən təqdim olunub.
Məzunların diplomlarının təqdimatından sonra tədbir bədii hissə ilə davam etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər