UFAZ-ın bakalavr pilləsi üzrə qəbul imtahanında 372 nəfər iştirak edib

UFAZ-ın bakalavr pilləsi üzrə qəbul imtahanında 372 nəfər iştirak edib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2023-2024-cü tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanında 372 nəfər iştirak edib.
İmtahanda abituriyentlər 2 saat 30 dəqiqə ərzində riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi elmi dünyagörüşü üzrə sualları cavablandırıblar. Yekunda ən çox bal toplamış 160 namizəd UFAZ tələbəsi statusunu qazanacaq.
İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər. UFAZ-a imtahan verib uğur əldə edə bilməyən tələbələr isə DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.
Qeyd edək ki, UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə dövlət sifarişi ilə 160 yer təklif olunur. Həmin yerlər UFAZ-da 4 ixtisas üzrə - geofizika və geologiya mühəndisliyi (30 yer), kimya mühəndisliyi (35 yer), neft-qaz mühəndisliyi (35 yer) və kompüter elmləri (60 yer) bölünür. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və Renn 1 (neft və qaz mühəndisliyi ixtisası) və ADNSU) alacaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər