Şərqşünas alim İstanbulda keçirilən beynəlxalq konfransda iştirak edib

Şərqşünas alim İstanbulda keçirilən beynəlxalq konfransda iştirak edib AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva İstanbulda Avropa Araşdırmalar Mərkəzinin “Təhsildə yeni trendlər” mövzusunda təşkil etdiyi beynəlxalq konfransda iştirak edib.
Azərbaycanlı alim konfransda “İnformasiya müharibələri və sosiallığın mifologiyası: ideoloji, mental və media aspektləri” mövzusunda məruzə ilə çıxış edib.
Alim məruzəsində siyasətin postklassik mərhələsində müasir informasiya müharibəsi fəlsəfəsinin təhlil edilməsindən danışıb. Bildirib ki, virtual siyasi məkan siyasi prosesin yeni ölçüsünə, eyni zamanda, informasiya texnologiyaları vasitəsilə siyasi mübarizənin yeni formalarının tətbiqi məkanına çevrilir. Bu kontekstdə “şəbəkə sosiallığı” kimi bir anlayış aktuallaşır.
Məruzədə sosial medianın müəyyən seqmentində informasiya axınının istiqamətinin, risklərin və onlayn mühitdə mənfi təsirləri aradan qaldırmaq üçün texnologiyaların müəyyən edilməsinin getdikcə daha böyük əhəmiyyət kəsb etməsi və aktuallaşması qeyd olunub. Xüsusilə, bu, millətlərarası münaqişələrdə münasibətlərin problemlərini təmsil edən informasiya axınlarına aiddir. Alim yuxarıda qeyd olunanların sosial-humanitar elmlərdə yeni tədqiqat təcrübələrini şərtləndirdiyini diqqətə çatdırıb və şəbəkə sosiallığının təhlil edildiyi bir sıra metodlar, üsullar, alətlər və fənlərarası metodologiyadan bəhs edib.
Alimin məruzəsi maraqla qarşılanıb. Konfrans iştirakçıları R.Rzayevanın tədqiq etdiyi mövzuların yüksək aktuallığını qeyd ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər