Azərbaycanlı alim VIII Rusiya Fəlsəfə Qurultayında məruzə edib

Azərbaycanlı alim VIII Rusiya Fəlsəfə Qurultayında məruzə edib AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Roida Rzayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən “Polisentrik dünyada fəlsəfə” adlı VIII Rusiya Fəlsəfə Qurultayında iştirak edib.
Roida Rzayeva qurultayda “Postmodernin diskursunda media mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.
“İnformasiya cəmiyyətində informasiya və bilik istehsalın əsas məhsuluna çevrilir ki, bu da müasir dövrü təkcə informasiya dövrü deyil, həm də məna dövrü edir. Modern dövrün kütləvi şüurunu əvəz edən xüsusi bir şüur forması kimi “əlaqəli şüur” media vasitəsilə yeni mənalarla tanışlıq prosesidir. Şüur və mədəni təkamül problemlərinin tədqiqi mənaların, insanların “dünya obrazlarının” və qlobal proseslərin və dəyişikliklərin bir-biri ilə necə əlaqəli olduğunu aşkar etməyə imkan verir. Bu müstəvidə fəlsəfənin inikas və humanitar ekspertiza vasitəsi kimi rolu ortaya çıxır”, - deyə Roida Rzayeva məruzəsində qeyd edib. Azərbaycanlı alimin məruzəsi maraqla qarşılanıb. Qurultay iştirakçıları tərəfindən R.Rzayevanın tədqiq etdiyi mövzuların böyük aktuallığı qeyd olunub.
Qurultayın təşkilatçıları Rusiya Fəlsəfə Cəmiyyəti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutudur.

Tehsil-press.az


Oxşar xəbərlər