Rusiyada fəaliyyət göstərən tanınmış riyaziyyatçı alim İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında çıxış edib

Rusiyada fəaliyyət göstərən tanınmış riyaziyyatçı alim İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında çıxış edib Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alim, Moskva "Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin iqtisadiyyat fakültəsinin Ali riyaziyyat kafedrasının müdiri, V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunun laboratoriya müdiri, Beynəlxalq Təhlil və Qərarların Seçimi Mərkəzinin rəhbəri, texnika elmləri doktoru, professor Fuad Ələsgərov AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında geniş məruzə ilə çıxış edib.
“Zoom” platforması üzərindən keçirilən tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev F.Ələsgərovun elmi fəaliyyəti və nailiyyətləri haqqında məlumat verib.
Baş direktor F.Ələsgərovun qərarların qəbul edilməsi nəzəriyyəsi və onun tətbiqi, sosial şəbəkələrin analizi istiqaməti üzrə böyük təcrübəyə və mühüm elmi nəticələrə malik olduğunu diqqətə çatdırıb. Onun əldə etdiyi nailiyyətlərin Rusiya ilə yanaşı, dünyanın aparıcı elmi mərkəzləri tərəfindən tanındığını və alimin bu mərkəzlərdə dəvətli professor kimi çalışdığını vurğulayıb. Akademik əlavə edib ki, çoxsaylı elmi cəmiyyətlərin üzvü olan alim qərarların qəbul edilməsi, oyunlar nəzəriyyəsi, çətin formalizasiya olunan proseslərdə qərarların qəbulu və s. elmi istiqamətlər üzrə dünya səviyyəsində tanınmış alimlərdən biridir. O, Azərbaycanda kibernetika və idarəetmənin formalaşmasında müstəsna xidmətlərə malik olan Mark Ayzermanın tələbəsidir.
İnstitutda beynəlxalq əlaqələrin genişləndirilməsinə, birgə tədbirlərin həyata keçirilməsinə, tədqiqatların aparılmasına və qrant layihələrin icrasına böyük əhəmiyyət verildiyini bildirən akademik R.Əliquliyev Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasətinin əsas prioritetlərindən birini də məhz ölkəmizdən kənarda fəaliyyət göstərən alimlərimizlə əməkdaşlığın qurulmasının və sıx münasibətlərin yaradılmasının təşkil etdiyini vurğulayıb.
Bu günədək Rusiyada elmi fəaliyyətlə məşğul olan, eyni zamanda, Azərbaycanda müxtəlif vəzifələrdə çalışan, təhsil sistemində müəyyən missiyanı həyata keçirən çox sayda alimlərimizlə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini xatırladan AMEA-nın vitse-prezidenti internetin təqdim etdiyi müasir imkanlar vasitəsilə xaricdə yaşayan həmkarlarla əlaqələrin qurulmasının daha əlçatan olduğunu bildirib.
Sonra professor F.Ələsgərov “Şəbəkələrdə yeni mərkəzləşmə tədbirləri və onların tətbiqləri” (New centrality measures in the networks and their applications) mövzusunda məruzəni təqdim edib. F.Ələsgərov şəbəkə modellərinin yaranma tarixinə nəzər salıb, bu sahədə aparılan ilk tədqiqatlar haqqında məlumat verib. O, mərkəzliliyin klassik və müasir qiymətləndirilmə üsullarından danışıb. Məruzəçi müasir modellərin hesablama mürəkkəbliyini artıran üsulları diqqətə çatdırıb. F.Ələsgərov, həmçinin miqrasiya şəbəkəsi modelini və bu model üzrə 2015-ci ili əhatə edən nəticələri təqdim edib. Alim, həmçinin ölkələrin şəbəkəyə təsirinin yeni mərkəzlilik indeksləri ilə qiymətləndirilməsi üsullarından bəhs edib.
Dünya Ticarət Şəbəkəsi haqqında məlumat verən məruzəçi ticarət axınlarının növləri, verilənlərin emalı, klassik və yeni indekslər üzrə nəticələri qrafiklərlə təqdim edib. O cümlədən qida ixrac/idxal şəbəkəsi ilə əlaqədar aparılan son tədqiqat işlərindən söz açıb, nəticələri diqqətə çatdırıb.
Professor F.Ələsgərovun məruzəsi seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, qonaq institut alimlərinin suallarını cavablandırıb.
Daha sonra F.Ələsgərov institutun elmi laboratoriyalarının, eləcə də, “AzScienceNet” Elm-Kompüter Şəbəkəsinin, Təhsil-İnnovasiya Mərkəzinin, Multimedia Mərkəzinin, Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, bu struktur bölmələrində yaradılan şəraitlə yaxından tanış olub.
Qonağa institutun əsas fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər, kadr potensialı, texnoloji təchizatı, beynəlxalq əlaqələri haqqında məlumat verilib.

Tehsil-press.az

Oxşar xəbərlər