İnkişaf və Diplomatiya İnstitutunun “Rabitəbank”ın həmkarları üçün “Liderliyin Gücləndirilməsi Proqramı” yekunlaşıb

İnkişaf və Diplomatiya İnstitutunun “Rabitəbank”ın həmkarları üçün “Liderliyin Gücləndirilməsi Proqramı” yekunlaşıb ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən “Rabitəbank”ın həmkarları üçün “Liderliyin Gücləndirilməsi Proqramı”nın “Məzun günü” keçirilib.
İcraçı prorektor, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə institut tərəfindən dövlət və özəl sektorda və akademik sferada peşəkarlar yetişdirilməsi və kadrların potensialının gücləndirilməsi məqsədilə mütəmadi olaraq təlimlərin keçirildiyini diqqətə çatdırıb.
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova proqramı uğurla başa vuran iştirakçıları bu münasibətlə təbrik edib. Qeyd edilib ki, Proqram çərçivəsində üç fərqli mövzuda üç təlim keçirilib.
Tədbirdə “Rabitəbank” ASC İdarə Heyətinin sədri Aydın Hüseynov proqramın təşkili üçün İnkişaf və Diplomatiya İnstitutuna öz minnətdarlığını bildirib: “Bu proqram həmkarlarımıza öz rollarında daha effektiv lider olmağa və təşkilatımızın uğurlarına töhfə verməyə imkan verəcək”.
Proqram məzunlarını təbrik edən “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Fariz Əzizov ADA Universiteti ilə əməkdaşlıqdan böyük məmnunluğunu ifadə edib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.
Xatırladaq ki, Proqram çərçivəsində Strateji Liderlik mövzusuna həsr olunan ilk təlim ADA Universitetinin icraçı prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun Direktoru Fariz İsmayılzadə və ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev tərəfindən keçirilib. Növbəti təlimdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndirici Bölməsinin Tərəfdaşlıq və İnkişaf üzrə Maliyyə Məsləhətçisi Şəmsiyyə Mustafayeva duyğusal zəkanın komponentləri, onun inkişafı və liderlikdə tətbiqinin praktiki strategiyaları haqqında öz təcrübəsini bölüşüb. “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Fariz Əzizov tərəfindən keçirilən sonuncu təlim isə komandanın strukturu, inkişaf dinamikası və komandalarda rollar və kollektiv qərar qəbuletmə üslubları kimi mühüm mövzuları əhatə edib.
Qeyd edək ki, “Liderliyin Gücləndirilməsi Proqramı”nda ümumilikdə “Rabitəbank”da çalışan 58 nümayəndə iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər