“Azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı olsun”

“Azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı olsun” “Qadınlar üçün Milli Fəaliyyət Strategiyası təqdim edilib, lakin əmək bazarında ayrı-seçkiliyə qarşı qanun yoxdur”.
Bu fikirləri deputat Zahid Oruc Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı bildirib.
Deputat qeyd edib ki, məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edilməsə də, abortun qadağan edilməsi təşəbbüsləri də qəbul edilmədi: “Təəssüf ki, ölkəmizin qlobal gender bərabərliyi reytinqində yeri yüksək deyil. Təklif edirəm ki, Böyük Qayıdış Strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı qəbul edilsin”.
Z.Oruc vurğulayıb ki, “Məişət Zorakılığının Qarşısının Alınması” üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi “Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmaq olar: “Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir. İcbari tibbi sığorta proqramları çərçivəsində qadın və uşaqların səhiyyə əlçatanlığı paketinin gücləndirilməsi zəruridir. Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq, tərkibini formalaşdırmaq olar”.

Tehsil-press.az



Oxşar xəbərlər