Peşə ixtisasları üzrə növbəti qiymətləndirilmə həyata keçirilib

Peşə ixtisasları üzrə növbəti qiymətləndirilmə həyata keçirilib Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü, “Di studio” və “She Nail studio” gözəllik mərkəzlərinin təşkilati dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların bərbər və bərbər-vizajist-manikürçü peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.
Bildirilib ki, “Di studio” və “She Nail studio” gözəllik mərkəzləri ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində daha öncə bilikləri qiymətləndirilərək nəzəri imtahandan uğurla keçən ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahanlar sözügedən mərkəzlərin istehsalat bazalarında təşkil edilib.
Bərbər ixtisası üzrə Agentliyin nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə, işəgötürən nümayəndəsi qismində “Taliboff Barber Club”ın rəhbəri Əjdər Talıbov, sahə üzrə müstəqil ekspert qismində isə öyrənmə və inkişaf mütəxəssisi, şəxsi inkişaf və karyera üzrə ekspert Emil Manafov, “Di Studio”nun rəhbəri Dmitriy İskakov, Bakı Dövlət Universitetinin müəllimi Nigar Əhmədli, bərbər-vizajist-manikürçü ixtisası üzrə işəgötürən nümayəndəsi qismində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova, sahə üzrə müstəqil ekspert qismində isə həmin Mərkəzin müəllimi Günel Ələkbərova cəlb edilib.
Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər bərbər və bərbər-vizajist-manikürçü peşə ixtisasları üzrə diplom və sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət bərbər və bərbər-vizajist-manikürçü peşələri üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən dövlət nümunəli sənəd həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömür boyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

Tehsil-press.az


Oxşar xəbərlər