Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri - beynəlxalq konfrans

Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri - beynəlxalq konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
UNEC KİM-in direktoru Adilə Abdullayeva konfransın “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” tədbirlər planı çərçivəsində keçirildiyini diqqətə çatdırıb.
Tədris üzrə prorektor Gəray Musayev universitetin uğurlu inkişaf strategiyasının reallaşdırılmasında KİM-in rolundan və əldə olunan uğurlardan bəhs edib. Universitetin beynəlxalq təhsil bazarında davamlı olaraq mövqeyinin güclənməsində kitabxana-informasiya potensialının mühüm rol oynadığını vurğulayıb.
AMEA-nın MEK-in baş direktoru professor Məmməd Əliyev Azərbaycanda kitabxana işinin inkişafı, bu sahədə Heydər Əliyevin xidmətlərinin tədqiqi, eləcə də kitabxana-informasiya sahəsində müasir tendensiyaların araşdırılması baxımından konfransın əhəmiyyətini qeyd edib.
BDU-nun Elmi Kitabxanasının direktoru dosent Nigar İsmayılova Ulu Öndər Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafına verdiyi böyük töhfələrdən və konfransın elmi və praktik əhəmiyyətindən bəhs edib.
ADA Universiteti kitabxanasının direktoru Elçin Məmmədov konfransın müasir kitabxana xidmətlərinin araşdırılması və ölkəmizdə tətbiqi baxımından önəmini qeyd edərək, növbəti ildə dünyaca məşhur IFLA konfransının bölmələrinin Bakıda keçiriləcəyini bildirib. UNEC ilə ADA Universitetinin kitabxanalarının birgə əməkdaşlığının bu konfransa böyük töhfə qazandıracağından əminliyini ifadə edib.
UNEC KİM-in 3 saylı kitabxanasının müdiri Nərminə Abdullayeva isə konfrans barədə statistik məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, konfransa respublikanın müxtəlif regionlarının və xarici ölkələrin ali təhsil müəssisələrinin akademik heyəti, kitabxana rəhbərləri, ixtisasçı kitabxanaçıları və bu sahə üzrə 100-ə yaxın mütəxəssis qatılıb. Əlli müəllif və həmmüəllifin 42 tezisi elm komitəsi tərəfindən dəyərləndirilərək, konfrans materialları toplusunda dərc olunub.
Konfrans süni intellektin kitabxana işinə tətbiqi və təsiri, smart kitabxanalar, akademik kitabxanalarda bibliometrik araşdırmaların önəmi və digər aktual mövzularda bölmələr üzrə müzakirələrlə davam edib.
Sonda iştirakçılara və təşkilat komitəsinin üzvlərinə sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər