BDU, İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin “Qərbi Azərbaycanda türk-müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi-seminarı keçirilib

BDU, İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin “Qərbi Azərbaycanda türk-müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi-seminarı keçirilib Seminarda İslamşünaslıq ETM-nin əməkdaşları, Qərbi Azərbaycan İcması üzvləri, “Dirçəliş” Gənclərin Sosial Rifahına Doğru İctimai Birliyinin könüllüləri və tələbələr iştirak ediblər.
İslamşünaslıq ETM, elmi işçi Əli Babayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, Qərbi Azərbaycan ərazisində min illər boyu yaşamış soydaşlarımızın etnik mövcudluğuna son qoyulması və onların mədəni irsinin məhv edilməsi son bir əsrdə Ermənistanın dövlət siyasəti səviyyəsində gerçəkləşdirilmişdir. Nəticədə, azərbaycanlıların bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə, kütləvi vandallıq aktları törədilmişdir. Etnik təmizləmə əksər hallarda məhz milli dini-ideoloji mərkəzlərin və dövlət orqanlarının sistemli fəaliyyəti ilə baş vermişdir. O, əlavə olaraq qeyd edib ki, 1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin çap etdirdiyi yaddaş kitabçasına görə, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan da 7-si İrəvan şəhərində olub. Hazırda onlardan yalnız Göy məscid saxlanılır ki, o da Ermənistan dövləti tərəfindən “fars mədəniyyəti abidəsi” kimi təqdim olunur.
Daha sonra məruzəçi fəlsəfə üzrə fəlsəfə doktoru, elmi işçi Elvin Babayev dinləyicilərin nəzərinə indiki Ermənistan ərazisindəki İslamaqədərki alban abidələrinin tarixi ilə bağlı məlumat verdi və qeyd etdi ki, sözügedən abidələrin hamısı erməni kilsəsi tərəfindən qriqoryanlaşdırılıb, onların arxitektur üslubları dəyişdirilib. O, 1905-1906, 1918-1921, 1948-1953, 1987-1991-ci illərdə Ermənistan tərəfindən həmin torpaqların aborigenləri olan Azərbaycanlıları deportasiyaya məruz qoyduqları və türk-müsəlman mədəni irsinin məhv edilməsi, türbələr, karvansaraylar, məscidlər, körpülər, qalaların dağıdılması haqqında məlumatlar verib.
Türkologiya kafedrasının müəllimi dosent Güləhməd İmanov Qərbi Azərbaycan həqiqətlərin təbliği, milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsi baxımından bu mövzuda seminarların olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
Basarkeçər Rayon İcma Sədrinin gənclər və mətbuatla əlaqələr üzrə müavini İlqar İsmayılov tədbir iştirakçılarını salamlayaraq Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı nitqi, həmçinin Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində İcmanın binasının açılış mərasimindəki çıxışını xatırladıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında hazırlanan, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişindən sonra Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı konsepsiya haqqında məruzə edib.
Tədbir sonu tələbələrin sualları cavablandırılıb və İrəvanda azərbaycanlılara məxsus milli-mədəni abidəmiz olan Göy məscidin Ermənistan dövləti tərəfindən “fars mədəniyyəti abidəsi” kimi təqdim olunmasına qarşı İslamşünaslıq ETM və Qərbi Azərbaycan İcmasının adından Beynəlxalq təşkilatlara etiraz məktubu göndərilməsi qərara alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər