ADPU-da “Qərbi Azərbaycan həqiqətləri: perspektivlər” mövzusunda elmi seminar

ADPU-da “Qərbi Azərbaycan həqiqətləri: perspektivlər” mövzusunda elmi seminar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan həqiqətləri: perspektivlər” mövzusunda elmi seminar keçirilib.
Seminarda kafedra müdiri dosent Naibə Əhmədova XX əsrdə xalqımızın yaşadığı faciələrdən, soydaşlarımızın deportasiyaya məruz qalmasından danışıb.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri professor Cəbi Bəhramov “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda məruzə ilə çıxış edib. Professor Qərbi Azərbaycanla bağlı arxiv sənədlərinin və xəritələrin üzə çıxarılmasından bəhs edib.
Universitetin Ümumi pedaqogika kafedrasının dosenti Heydər Cəfərov 1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya olunan ailələrdən birinin üzvü olduğunu vurğulayaraq, müasir dövrdə tələbələrin dil bacarıqlarının, dünyagörüşlərinin, tarixi hazırlıq səviyyələrinin artırılmasının vacibliyini iştirakçıların nəzərinə çatdırdı.
Dosent Mübariz Ağalarlı isə Qərbi Azərbaycan tarixinin öyrənilməsi və təbliğinin, həmçinin həmin bölgədən deportasiyaya məruz qalan azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması məsələsinin dövlətin əsas strategiyası olduğunu vurğulayıb.
Elmi seminar Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” kitabının təqdimatı ilə yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər