Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədrisi ilə bağlı müzakirə aparılıb

Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədrisi ilə bağlı müzakirə aparılıb Çinin nüfuzlu Pekin Xarici Dillər Universitetinin dəvəti əsasında Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bu ali təhsil ocağında olub.
Universitetin prorektoru professor Cia Venjien ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran bir sira məsələlər müzakirə olunub. Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisasının tədrisi ilə bağlı ətraflı məlumat verən prorektor Çində ilk və yeganə Azərbaycan dili ixtisasına ilk qəbulun 2018-ci ildə aparıldığını və əldə olunan nəticələri qonağın diqqətinə çatdırıb. Bildirib ki, universitetdə Azərbaycan dilinin tədrisi ilə yanaşı, müvafiq dərsliklər, lüğətlər və monoqrafiyalar da yazılır. Odur ki, Monitorinq Mərkəzinin Azərbaycan dilinin normaları ilə bağlı universitetlə bölüşəcəyi resurslar böyük əhəmiyyət daşıyır.
Görüşdə Monitorinq Mərkəzinin mütəxəssislərinin Pekin Xarici Dillər Universitetində silsilə mühazirə və təlimlərinin təşkil edilməsi ilə bağlı razılıq əldə edilib. Görüşdə universitetin Asiya fakültəsinin dekanı professor Su Yinqinq, dekan müavini Qu Ciayün, Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları iştirak ediblər.
Sonra Sevinc Əliyeva Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb, onlarla Azərbaycan dilinin ədəbi normaları ilə bağlı geniş fikir mübadiləsi aparıb, tələbələri maraqlandıran sualları cavablandırıb.
Sevinc Əliyeva Azərbaycan dili kafedrasına da baş çəkib, tədris materialları ilə tanış olub.
Qeyd edək ki, Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək Çinin ilk azərbaycanşünas kadrları olub. PXDU-da birinci qəbulda (2018-2022-ci illər) Azərbaycan dili ixtisası üzrə təhsil almış tələbələr Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. “Nəsimi İli”ndə “Azərbaycan dili və ədəbiyyatı sərgisi”nin təşkilində fəallıq göstəriblər, “Nizami Gəncəvi İli”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb. Tədris dövründə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və başqaları Azərbaycan dili kafedrasında olub, tələbələrə mühazirə oxuyublar.
Bu il Çinin ümumrespublika ali məktəblərə qəbul imtahanında uğurlu nəticələr toplayan 13 gənc PXDU-nun Azərbaycan dili ixtisasına qəbul olunub.

Tehsil-press.az



Oxşar xəbərlər