Ulu Öndərin vəsiyyəti yerinə yetirildi!

Ulu Öndərin vəsiyyəti yerinə yetirildi! 5 dekabr tarixində başlayan və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində 5 istiqamət üzrə təşkil edilən layihə və tədbirlər davam edir. Seçilən istiqamətlər göstərir ki, Azərbaycan gəncləri və könüllüləri Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi qiymətli tövsiyələrə daim yüksək dəyər verir və bu tövsiyələri şəxsi və peşəkar inkişaflarında rəhbər tuturlar.
Davam edən fəaliyyətlər çərçivəsində 7 dekabr tarixində “Təhsil və elm” istiqaməti üzrə keçirilən “Ulu Öndərin vəsiyyəti yerinə yetirildi!” adlı intellektual turnir baş tutub. Ümummilli liderin tövsiyəsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycanın ərazi bütövlüyünün bərpası” mövzulu turnirdə ümumilikdə 80 nəfərdən ibarət Azərbaycan könüllüsü iştirak edib. “Nə? Harada? Nə zaman?” formatında həyata keçirilən turnir zamanı hər komandada 5 nəfər olmaqla 16 komanda mübarizə aparıb. 3 yer üzrə müəyyənləşən qalib komandalar kubok və medallarla təltif olunublar.
Sözügedən tədbirlər arasında SOCAR-ın tərəfdaşlığı ilə Sertifikatlaşdırma və Təlim Mərkəzinə ekskursiya təşkil edilib. Cari ilin əvvəlindən başlayaraq həyata keçirilən layihə üzrə Heydər Əliyev irsini əhatə edən və strateji əhəmiyyət daşıyan yerli və beynəlxalq müəssisələrə könüllülərin iştirakı ilə səfərlər həyata keçirilib. Layihə çərçivəsində 20 könüllü, ilk olaraq Mərkəzdə yaradılmış Heydər Əliyev Sərgisi ilə yaxından tanış olub. Daha sonra dənizdə sağ qalma və yanğınla mübarizə, dəniz təlim blokunda xilasetmə vasitələrindən istifadə qaydaları, hovuz təlim kompleksində xilasedici sallar və qayıqlarla bağlı maarifləndirici təlimlərdə iştirak ediblər.
Gün ərzində qeyd edilən layihələr arasında “İdman və Sağlamlıq” istiqaməti üzrə 50-dən çox Azərbaycan Könüllüsünün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndələri ilə görüşü baş tutub. Nümayəndələr tərəfindən xüsusi olaraq qeyd edilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət"in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilir.


Tehsil-press.az



Oxşar xəbərlər