Konfransın açılış mərasimində çıxış edən rektor Elçin Babayev BDU-nun öz korifey alimləri ilə fəxr etdiyini, ən köklü fakültələrdən olan Şərqşünaslıq fakültəsinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə böyük nufuza sahib olduğunu bildirib. O qeyd edib ki, professor Rüfət Rüstəmov Azərbaycanın tanınmış türkoloqlar nəslinin ən görkəmli nümayəndələrindəndir. Fəaliyyətini BDU-nun Şərqşünaslıq fakültəsi, Türk filologiyası kafedrası ilə bağlayan Rüfət Rüstəmov məhsuldar alim, pedaqoq, vətənpərvər ziyalı kimi türk dilçiliyi sahəsində peşəkar kadrların yetişməsində mühüm rol oynayıb: “Bu gün daha da güclənməkdə olan türk dünyasına Rüfət Rüstəmov kimi alimlərin verəcəyi çox töhfələr var. Sevindirici haldır ki, konfransda digər ali təhsil müəssisələri, elmi təşkilatlardan da nümayəndələr iştirak edirlər. Əminəm ki, bu konfransda müzakirə olunan məsələlər türk dünyasının daha da güclənməsinə xidmət edəcək”.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev professor Rüfət Rüstəmovun ictimai fəaliyyəti və vətəndaş mövqeyinin daim nümunə olduğunu bildirib: “Professor Rüfət Rüstəmov BDU-da Türk filologiyası kafedrasının əsasını qoyub və həmin vaxtdan da ona rəhbərlik edir. Onun nümayəndəsi olduğu nəsil torpaqlarımızın azadlığı uğrunda dörd şəhid verib. Rüfət Rüstəmovun elmi və publisistik əsərlərində vətəndaş mövqeyi daim öndə olub”. Əliş Ağamirzəyev diqqətə çatdırıb ki, BDU son illər türkdilli ölkələrin ali məktəbləri, Beynəlxalq Türk Akademiyası ilə əlaqələri daha da gücləndirib. Türkoloji qurultayın 100 illik yubileyinin qeyd olunması ərəfəsində türk dünyasında gedən tendensiyalara dair araşdırma və müzakirələrin aparıldığı konfransın keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonra professor Rüfət Rüstəmova həsr olunmuş videoçarx nümayiş olunub.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan professor Rüfət Rüstəmovun həyatı və fəaliyyəti ilə bağlı məruzə edib. O bildirib ki, Rüfət Rüstəmov Azərbaycanda türk dili üzrə ilk elmlər doktoru və professordur. Görkəmli alimin indiyədək 14 monoqrafiya, dərslik və dərs vəsaiti, 130-dan çox elmi məqalə və tezisi çapdan çıxıb. Professor Rüfət Rüstəmov respublikada ilk “Türk dili” dərsliyinin, türkologiya üzrə çoxsaylı kitab və dərsliklərin müəllifi və həmmüəllifidir. O, həmçinin Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin daha da möhkəmlənməsi və inkişafında fəal iştirak edir. Rüfət Rüstəmov publisistik yazıları ilə də geniş oxucu kütləsinin rəğbətini qazanıb. Onun “Bu dağlardan bir Cahangir keçdi”, “Alın yazısı”, “Tağılar Usufu”, “Bir nəslin manifesti”, “At da muraddı”, “Köç”, “Milli qəhrəmanın tale romanı” kimi kitabları işıq üzü görüb.
Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, millət vəkili, professor Jalə Əliyeva, Milli Arxiv İdarəsinin rəisi, professor Əsgər Rəsulov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri, professor Vüqar Qaradağlı çıxışlarında görkəmli alimin türkologiya, türk filologiyası elmlərinin inkişafında xidmətlərindən danışıb, konfransın işinə uğurlar arzulayıblar.
Sonda söz yubilyara verilib. Professor Rüfət Rüstəmov konfransın yüksək səviyyədə təşkilinə və elmi-pedaqoji fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib, bütün ömrünün BDU ilə bağlı olmasından, daim Vətənə, xalqa xidmət etməsindən qürur duyduğunu vurğulayıb.
Konfrans bölmə iclasları ilə davam edir.
Tehsil-press.az







