BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub

BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub Bakı Dövlət Universitetinin (BDU) Hidrometeorologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş “Hidrometeorologiyanın müasir nailiyyətləri və inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bötüvlüyünün qorunması uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov müasir dövrdə təsərrüfatın müxtəlif sahələrində hidrometeoroloji müşahidə nəticələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, hazırda iqlim dəyişmələrinə adaptasiya və davamlı inkişaf metodlarının işlənib hazırlanması, hidrometeoroloji tədqiqatların informasiya təminatı, hidrometeorologiyanın fundamental və tətbiqi problemləri, Xəzər dənizinin səviyyəsi və çirklənməsi məsələləri, eləcə də su ehtiyatlarının inteqrasiyalı idarə olunması qarşıda duran mühüm vəzifələrdəndir. Son onilliklər ərzində hidrometeorologiya elmi xeyli inkişaf edib. Bu, hidrometeorologiya sahəsində kadr hazırlığı işində yeni yanaşmalar tələb edir. Konfransda bu kimi problemlərin yerli və xarici ölkə mütəxəssisləri ilə birgə müzakirəsi və elmi-təcrübi istiqamətlərin müəyyən edilməsi nəzərdə tutulur. Məqsəd Qocamanov konfransa 80-ə yaxın tezisin təqdim edildiyini, 3 məruzənin plenar iclasda, qalan işlərin isə bölmələrdə dinləniləcəyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Sonra Hidrometeorologiya kafedrasının dünyasını dəyişmiş sonuncu müdiri İmran Abdullayevə həsr olunmuş videoçarx izlənilib və xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Plenar iclasda Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Aviasiya Meteoroloji Mərkəzinin rəisi, professor Nazim Hüseynovun məruzələri dinlənilib.

Konfrans öz işini “İqlim dəyişmələrinə adaptasiya və davamlı inkişaf”, “Geoinformasiya texnologiyalarının hidrometeorologiyada tətbiqi”, “Hidrometeorologiyanın fundamental və tətbiqi problemləri”, “Su ehtiyatlarının inteqrasiyalı idarə olunması” bölmələri ilə davam etdirib.

Tədbirin sonunda konfransın qətnaməsi qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər