BAAU-nun tələbələri BMT modeli konfransda bilik və bacarıqlarını nümayiş etdiriblər

BAAU-nun tələbələri BMT modeli konfransda bilik və bacarıqlarını nümayiş etdiriblər Bakı Avrasiya Universitetində (BAAU) “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Yaşıl Dünya Naminə” adlı simulyasiya konfransı keçirilib. Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır 2023” qrant müsabiqəsinin qalibi olmuş və gənclərin diplomatik bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş layihənin həyata keçirilməsində BAAU və AzMUN proqramı əsas tərəfdaş kimi çıxış edib.

BAAU-nun “Beynəlxalq münasibətlər” ixtisasının III kurs tələbəsi Şakir Qarayevin rəhbəri olduğu layihə çərçivəsində konfransda Birləşmiş Millətlər Təşkilatının (BMT) orqan və agentliklərinin simulyasiyası təqdim edilərək gənclərə müxtəlif dövlətlərin diplomatik nümayəndələri kimi çıxış etmək və qlobal problemləri siyasi mövqelər çərçivəsində müzakirə etmək imkanı yaradılıb.

BMT-nin Tərəflər Konfransı (COP), Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) olmaqla, üç yerə bölünmüş komitənin ikisi Azərbaycan dilində, biri isə ingilis dilində keçirilib və gənclər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik" ili elan edilməsi ilə bağlı mövzuları təmsil etdikləri dövlətlərin maraqlarını müdafiə edərək müzakirələr aparıblar.

Layihənin məqsədi gənclərin beynəlxalq diplomatiya, qlobal problemlərin həlli və ekoloji məsələlərə dair bilik və bacarıqlarını inkişaf etdirmək, onları danışıqlar aparmağa və liderlik qabiliyyətlərini gücləndirməyə təşviq etməkdir.

Qeyd edək ki, layihənin hədəf qrupu 16-22 yaş arası gənclərdir. İki gün ərzində 20-dən çox fərqli təhsil müəssisəsindən 80-dən çox gənc bu layihədə fəal iştirak edib, diplomatik danışıqlar aparmağı və qlobal problemlərə həll yolları təklif etməyi öyrənməklə yanaşı, müxtəlif ölkələrin baxışları ilə də yaxından tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər