AzMİU-da I BMT modeli simulyasiya konfransı

AzMİU-da I BMT modeli simulyasiya konfransı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) I BMT modeli simulyasiya konfransı keçirilib. Konfrans Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin Azərbaycandakı nümayəndələrinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən “AzMUN” proqramı çərçivəsində təşkil olunub.
İki gün davam edəcək simulyasiya konfransında Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən istedadlı tələbələr iştirak edirlər. Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikadan müxtəlif dövlətləri təmsil edən gənclər BMT-nin Baş Assambleyası və UNESCO-nun Ümumdünya İrs Komitəsində iştirak edərək mühazirələr və debatlar aparacaq, verilən problemlər üzrə həll yollarını araşdıracaq, müxtəlif qətnamələr qəbul edəcəklər.
Konfransda çıxış edənlər qeyd ediblər ki, qloballaşan dünyada peşəsindən asılı olmayaraq hər kəsin ictimai, siyasi və diplomatik aktivlik göstərməsinə, gənc yaşlarından etibarən beynəlxalq aləmi tanımasına, müxtəlif diplomatik hücumlara qarşı hazırlıqlı olmasına böyük ehtiyac var.
Sonda “AzMUN” proqramının rəhbəri Leyla Məmmədzadə konfransda iştirak edən qonaqlara və gənclərə minnətdarlığını bildirib və hər bir iştirakçıya uğurlar arzulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər