ADA Məktəbində Beynəlxalq BMT Modeli Konfransı keçirilib

ADA Məktəbində Beynəlxalq BMT Modeli Konfransı keçirilib ADA Məktəbində Beynəlxalq BMT Modeli Konfransı keçirilib.
Tədbir 16 məktəbi təmsil edən 400 nümayəndəni bir araya gətirib. Konfransın əsas məqsədi gənc nəslin nümayəndələrinə real dünya çağırışları ilə uzlaşan qlobal düşüncə tərzini aşılamaq, onların diplomatiya və danışıqlar aparmaq bacarıqlarını təkmilləşdirmək və daha yaxşı gələcəyin formalaşdırılması istiqamətində məsuliyyət hissini inkişaf etdirməkdir.
Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun Layihələrlə iş üzrə şöbəsinin müdiri Faiq Məmmədov gənclərin fəallığının və liderlik bacarıqlarının inkişafının vacibliyini diqqətə çatdırıb.
Təşkilat təsisçisi İlham Kərimli aktual problemlərin həllində diplomatiya, qarşılıqlı anlaşma və qlobal əməkdaşlığın vacib rolunu vurğulayıb. Baş katib Riad Əlizadə tədbirin uğurla davam etməsi üçün lazımi təlimatları iştirakçılara ötürüb.
Konfrans çərçivəsində keçirilən və müasir qlobal mövzuları əhatə müzakirələr zamanı qətnamə layihəsi üçün hazırlıq görülüb.
Tədbirin bədii hissəsində Ümummilli Lider Heydər Əliyevin sevdiyi “Alagöz” mahnısı, “Şeyx Sənan” dramından “Kor ərəbin mahnısı” və “Küçələrə su səpmişəm” xalq mahnısı respublika və beynəlxalq müsabiqələr laureatları tərəfindən səsləndirilib.
Konfransın fləşmobunu nümayiş etdirən videoçarxın arıdınca isə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” rəqs ansamblının ifasında milli rəqslər ifa edilib.
İkigünlük konfrans ərzində nümayəndələr öz komitələrində müzakirələr və strateji planlaşdırma ilə məşğul olub, təyin olunmuş ölkələrin maraqlarından çıxış edərək qlobal hadisələri dərindən analiz etdikdən sonra öz mövqelərini ortaya qoyublar. Bu müzakirələr nümayəndələrin beynəlxalq münasibətlər üzrə biliklərini artırmaqda, tənqidi düşünmə bacarıqlarını, mədəni anlaşma və tolerantlıq hissini inkişaf etdirməkdə faydalı olub.
Tədbirin bağlanış mərasimində iştirakçılar və inzibati komanda nümayəndələri müstəsna səylərinə görə təltif ediliblər. Bağlanış mərasimində, həmçinin ADA Məktəbinin Birləşmiş Millətlər Təşkilatı Modeli Konfransının istedadlı media komandasının kuratorluğu ilə yaddaqalan videolar nümayiş etdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər