Fondun təcrübəli mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə ali və orta ixtisas təhsili üzrə müvafiq ixtisaslara malik olan 43 namizəd iştirak edib. Təlimlərdə müxtəlif bitkilər - taxıl sahələri, bostan, meyvə bağları, heyvandarlıq təsərrüfatlarına dəyən zərərin müəyyən edilməsi və hesablanması, sığortalanmaq üçün müraciət etmiş təsərrüfatlarına baxış keçirilməsi, bu zaman diqqət yetiriləcək məqamlar və digər məsələlər praktik nümunələr əsasında izah olunub.
Təlimlər çərçivəsində sahə təlimləri Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun təcrübə sahəsində təşkil olunub. Burada namizədlərə sahədə zərər faizinin ölçülər əsasında hesablanması, nümunələrə əsasən zərər növünün dəqiq müəyyənləşməsi barədə biliklər verilib.
Qaydalara əsasən Aqrar Sığorta Fondunda təlimlərdə iştirak etmiş namizədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanda iştirak edəcəklər. İmtahandan uğurla keçən namizədlər müstəqil aqrar sığorta eksperti sertifikatını alaraq Aqrar Sığorta Fondu ilə müqavilə əsasında əməkdaşlıq edə biləcəklər.
Qeyd edək ki, Aqrar Sığorta Fondunda müstəqil aqrar sığorta ekspertləri üçün təlimlər mütəmadi olaraq davam edir. Müstəqil ekspert fəaliyyəti üçün ixtisası uyğun gələn şəxslər bu təlimlərdə iştirak etmək və müvafiq sahə üzrə biliklər almaq üçün Aqrar Sığorta Fondunun Çağrı Mərkəzinə (1651) müraciət edə bilərlər.
Tehsil-press.az