Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, dövlət qulluğuna qəbul qaydaları, arıçılığın inkişafı və digər məsələlərlə bağlı olub. Şöbə müdiri Fərid Nəcəfov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Görüş zamanı şöbə müdiri dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra Fərid Nəcəfov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşərək, iş prosesinin təşkili və payızlıq əkinlərin bəyan prosesi ilə maraqlanıb. Görüşdən sonra 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə “Əməkdaşların Tanınma Proqramı” çərçivəsində keçirilmiş sorğunun nəticələrinə əsasən seçilmiş DAİM əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.
Tehsil-press.az






