Dillər Universitetində “KİV-in dili və üslubu” fənnindən açıq dərs keçirilib

Dillər Universitetində “KİV-in dili və üslubu” fənnindən açıq dərs keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və Jurnalistika fakültəsinin 337a və 337b qrupunda “KİV-in dili və üslubu” fənnindən açıq dərs keçirilib. Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Sevinc Kazımovanın rəhbərliyi ilə baş tutan dərs tələbələr tərəfindən parlament debatı formatında hazırlanıb. Açıq dərsə dəvət olunmuş Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, Azərbaycan İctimai Televiziyası “Carçı” proqramının direktor müavini Pərvin Əsgərova, kafedranın müəllimləri özləri debatın hakimləri qismində iştirak ediblər.
Açıq dərsə başlamazdan öncə Sevinc Kazımova giriş nitqində debatların əhəmiyyətini vurğulayıb, xüsusilə də, jurnalistika ixtisasında təhsil alan tələbələrin nitqinin inkişafında, fikirlərinin sərbəst ifadə edilməsində təsirindən danışıb. O, belə hazırlıqların dünyagörüşü artırmaqla bərabər, araşdırma bacarığını da formalaşdırdığını və aktual problemlərin həlli yollarının tapılmasında yardımçı olduğunu qeyd edib.
Debatın mövzusu “Cəmiyyət üçün hansı daha önəmlidir: İfadə azadlığı yoxsa dövlət təhlükəsizliyi?” sualı ətrafında tərəflərin müzakirəsi ilə başlayıb. Parlament debatının təsdiq komandasının birinci spikeri Gözəl Əhmədova söz azadlığının təhlükəsizlikdən daha vacib olduğunu arqumentlərlə əsaslandıraraq “ərəb baharı”nın səbəblərindən danışıb, Mərkəzi Asiya ölkələrindəki vəziyyəti faktlarla izah edib. Növbəti nitqdə inkar komandasının spikeri Afaq Abdulkərimova dövlət və vətəndaş təhlükəsizliyini pozan amilləri diqqətə çatdıraraq, görkəmli mütəfəkkirlərin fikirlərindən sitatlar gətirib. İfadə azadlığını müdafiə edən komandanın ikinci spikeri Nigar Eynullayeva müxtəlif dövrlərdə təhlükəsizliyi qorumaq məqsədi ilə həyata keçirilmiş qeyri-insani faktları misal çəkərək mövqelərini möhkəmləndirib. Bu faktlarla razılaşmayan inkar komandasının nümayəndəsi Rövşən Yaqubov söz azadlığının məhdudlaşdırılmadığı təqdirdə nə kimi təhlükələrin və münaqişələrin baş verə biləcəyini nəzərə çatdırıb. Sonrakı çıxışda təsdiq mövqedən fikrini bildirən üçüncü spiker Xavər Zairova müxtəlif
illərdə ayrı-ayrı dövlətlərin daxilində azadlığı boğmaq üçün “təhlükəsizlik” adı altında reallaşdırılan repressiyaları, həbsləri, edamları qeyd edərək hüquq və azadlıqların əhəmiyyətini vurğulayıb. Oppozisiyanın üçüncü spikeri Leyla Yusifova öz mövqelərini qoruyaraq auditoriya və hakimlərə söz azadlığına əsaslanaraq yayılan özbaşınalığın məhdudlaşdırılmasına tərəfdar olduqlarını və insan həyatının hər şeydən üstün olduğunu izah edib.
Əsas spikerlərin çıxışlarından sonra analitik nitqlərini söyləmək üçün təsdiq mövqedən Əfran Qurbanov və opponent nümayəndə Arzu Orucova vəkil qismində əvvəlki müzakirələri ümumiləşdirərək şərh ediblər, arqumentləri qiymətləndirərək maraqlı fikirlərlə debatı sona çatdırıblar. Gərgin müzakirə və fikir mübadiləsi şəraitində keçən debatdan həm auditoriya, həm də müəllimlərdən ibarət hakimlər heyəti razı qalıb. Ayrı ayrılıqda hər bir çıxış dəyərləndirilib, tələbələrin mövqelərini əzmlə qoruması müsbət qarşılanıb.
Açıq dərs qonaq qismində dəvət olunmuş müəllimlərin nitqi, həmçinin Sevinc Kazımovanın tələbələrə və qonaqlara təşəkkürü ilə sona çatıb.

ADU-da Mətbuat Şöbəsi


Dillər Universitetində “KİV-in dili və üslubu” fənnindən açıq dərs keçirilib

Oxşar xəbərlər