
Min illiyin həsrəti var gözündə,
Əsrlərin şöləsi var üzündə,
Qərinələr təpəri var dizində,
Zəkan iti, həyat qayən xoş dilək,
Ulu yaddaş, yetmiş beşin mübarək!
Məsləyinin təməlində - ədalət,
İnancının mayasında - həqiqət,
Umacağın olmayıbdır şan-şöhrət.
İllər ilə yaşatmısan saf ürək,
Alim yurddaş, yetmiş beşin mübarək!
Muğam, sazdan bələnibdir heyrətin
Xürrəmidən boy alıbdır qeyrətin,
Tapındığın Dədə Qorqud - hörmətin,
Keçdiyin yol əməlinlə bir örnək.
Ünlü yoldaş, yetmiş beşin mübarək
Aylar, illər ömrümüzə bir izdir,
Ötən günlər xatirətək əzizdir,
Qəlbdə arzu nə gecikmiş, nə tezdir...
Ömür bağın açsın hər vaxt gül-çiçək,
Əziz soydaş, yetmiş beşin mübarək!
El güvənir yetirdiyi mərdinə,
Şərik olur sevincinə, dərdinə.
Arzu sığmır yaşantılar həddinə...
İnnən belə yenə səni şux görək,
Azman sirdaş, yetmiş beşin mübarək!
İnam, ümid ruhumuza məlhəmdir
Sevincimiz can evinə məhrəmdir,
Duyğuların zirvələşən dəmidir..
Tapdıq hörüb sözdən sənə bir çələng,
Dilqəm qardaş, yetmiş beşin mübarək!
Tapdıq ƏLİBƏYLİ
Tehsil-press.az