BDU-da “R.M 90” proqramlaşdırma müsabiqəsi keçirilib

BDU-da “R.M 90” proqramlaşdırma müsabiqəsi keçirilib Bakı Dövlət Universiteti (BDU), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC)  Azərbaycan icması və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə “R.M 90” proqramlaşdırma müsabiqəsi keçirilib. Gənc proqramçılar üçün keçirilən xüsusi müsabiqə Azərbaycanın ilk proqramçısı, “Şöhrət” ordenli alim, BDU-nun dosenti olmuş Ramin Mahmudzadənin irsini gənc nəslə çatdırmaq, onlara proqramlaşdırma sahəsində bilik və bacarıqlar qazandırmaq, yeni istedadları üzə çıxarmaq məqsədilə təşkil edilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Müsabiqənin açılış mərasimində çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulub. Ali təhsil müəssisələri üçün də tədqiqat, təhsil və sənaye üçlüyünün inkişafını təmin etmək qarşıda duran əsas vəzifələrdəndir. BDU ölkədə lider universitet mövqeyini qoruyub saxlamaqla yanaşı, regionda elm-təhsil üçün dünya səviyyəli platformaya çevrilməyi qarşısına hədəf qoyub. Kompüter və proqramlaşdırma elmləri BDU-da prioritet sahələrdən biridir, Universitetdə müasir səviyyədə Rəqəmsal tədqiqatlar laboratoriyası fəaliyyət göstərir. BDU həmçinin olimpiada hərəkatının aktiv iştirakçısıdır. Artıq üç ildir BDU ali məktəb tələbələri arasında Respublika Olimpiadaları keçirir. O, “R.M 90” proqramlaşdırma müsabiqəsinin də qeyd olunan məqsədlərə xidmət etdiyini bildirib, iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov ötən əsrin 70-ci illərinin əvvəllərində respublikada ilk dəfə ilk olaraq proqramçı siniflərinin banisi olan və müstəqillik dövründə proqramlaşdırma istiqamətindəki beynəlxalq yarışların ilk iştirakçılarını hazırlayan Ramin Mahmudzadənin 90 illik yubileyinə həsr olunmuş belə bir müsabiqənin həm də hesabat xarakteri daşıdığını vurğulayıb. Ramin Mahmudzadə ilə bağlı xatirələrini bölüşən Vüsal Xəlilov onun şərəfli müəllimlik missiyasını yerinə yetirdiyini deyib: “Azərbaycan Mərkəzi Bankının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda da rəqəmsal maliyyə təşəbbüsləri, innovasiyaların təşviqi ilə maliyyə xidmətlərinə əlçatanlığın artırılması, rəqəmsal infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün kibertəhlükəsizliyin gücləndirilməsi ilə maliyyə bazarlarının fəaliyyətinin dayanıqlılığının artırılması məsələləri əsas kimi götürülüb. Bunun üçün belə kadrlara ciddi ehtiyac var. Bu müsabiqə yüksək intellektə malik gəncləri tanıdacaq”.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini Şahin Əliyev müsabiqə barəsində məlumar verib. “R.M 90” proqramlaşdırma müsabiqəsinin bu il ilk dəfə olaraq Bakıda keçiriləcək ICPC 2025 Dünya Finalında azərbaycanlı qalibləri təqdim etmək məqsədi daşıdığını bildirib. Müsabiqə həmçinin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın icrasını özündə ehtiva edir.

Sonra dosent Ramin Mahmudzadənin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.

“49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Dünya Finalının direktoru Fuad Hacıyev və ICPC Azərbaycan İcmasının direktoru Etibar Seyidzadə müsabiqənin gənclərin bilik və bacarıqlarının inkişafı, yeni istedadların kəşf olunması və proqramçılar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib, müsabiqənin şərtləri  və gedişatı haqqında məlumat veriblər.

Daha sonra müsabiqə öz işinə başlayıb. Müsabiqədə ali təhsil müəssisələrində təhsil alan və proqramlaşdırmaya marağı olan 50-yə qədər tələbə 4 saat ərzində verilmiş xüsusi proqramlaşdırma tapşırıqlarını həll ediblər.

Avtomatlaşdırılmış şəkildə aparılan qiymətləndirilmə mərhələsindən sonra müəyyən edilən ilk üç yerin qalibi 31 avqust – 5 sentyabr tarixlərində Bakıda keçiriləcək ICPC 2025 Dünya Finalı səhnəsində (Bakı Konqres Mərkəzində) xüsusi mükafat və sertifikatlarla təltif olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər