BBMM-nin Bolqarıstan filialı açılıb

BBMM-nin Bolqarıstan filialı açılıb Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və həmin ölkədəki Mediatorların Professional Assosiasiyasının sədri, tanınmış hüquqşünas Eliza Nikolova ilə görüş keçirilib.
Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qurumun fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, BBMM çoxsaylı beynəlxalq və regional layihələri həyata keçirir. Akademik hazırda Bolqarıstanın Sofiya Universiteti də daxil olmaqla, 20 xarici ölkə, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu bildirib:
“Azərbaycan multikulturalizmini tədris, təbliğ və təşviq edərək biz həm də humanizm prinsiplərinin, ümumbəşəri dəyərlərin yayılmasına çalışırıq. Mərkəz xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Gənclər nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər. Azərbaycanın multikultural dəyərlərini görən xarici tələbələr keçən il təşkil olunan yay məktəbində öz təşəbbüsləri ilə Azərbaycanın Gənc Dostları Klubunu yaradıblar. Bu gün ölkəmizin dostu olan həmin gənclər Azərbaycanın həqiqətlərini yayırlar. Hazırda Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Rusiyanın iki şəhərində - Moskva və Yekaterinburqda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları fəaliyyət göstərir. Biz çox şadıq ki, bu gün Multikulturalizm Mərkəzinin sayca səkkizinci – Bolqarıstan filialının açılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanır. Bu işdə Azərbaycanın multikultural dəyərlərinə və bu istiqamətdə həyata keçirdiyi layihələrə dərindən bələd olan, Mərkəzin Bolqarıstan filialının rəhbəri Eliza Nikolovaya uğurlar arzulayıram”.
Sonra Mərkəzin icraçı direktoru Azad Məmmədovla E.Nikolova arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-nin mənafelərini təmsil və müdafiə edən Bolqarıstan filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. E.Nikolova BBMM-in Bolqarıstan filialına rəhbərlik etməyin məsuliyyətli və şərəfli iş olduğunu qeyd edib. O bildirib ki, rəhbərlik edəcəyi filial Azərbaycanın və Bolqarıstanın milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, dəyirmi masalar və disputların təşkilini təmin edəcək.

BBMM-nın Mətbuat Xidməti


BBMM-nin Bolqarıstan filialı açılıb

Oxşar xəbərlər