Şagirdlərə vətənpərvərlik ruhunun aşılanması

Şagirdlərə vətənpərvərlik ruhunun aşılanması Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması biz müəllimlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bizim məqsədimiz uşaqlara təhsil, elm verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamaqdır.
Cənab Prezident! İlham Əliyev öz çıxışlarında uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyini dönə-dönə vurğulamış, bu işin dövlətin təhsil, gənclər siyasətinin prioritet məsələlərindən biri olduğunu diqqətə çatdıraraq demişdir: «Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır».
Mən sinif müəllimi kimi gələcəyimiz olan balalarımıza dərs deməklə yanaşı, onlara vətənimizi, dilimizi sevmək, torpaqlarımızı qorumaq, keçmişimizi, tariximizi öyrənmək, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq kimi ali hissləri aşılayıram. Məktəbimizdə ilboyu təşkiletdiyimiz vətənpərvərlik ruhlu tədbirlərlə belə hisslərin onların qanlarına, canlarına hopdurmağa çalışırıq. Bu il ibtidai siniflərarası keçirilən, sinif müəllimi olduğum III b sinfinin təşkil etdiyi «Xocalı, sağalmaz yaram mənim» ədəbi-bədii kompazisiya belə tədbirlərdən biridir. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldar Rüstəmov, valideynlər, qonaqlar da iştirak edirdilər. Tədbir Azərbaycanın Dövlət himni ilə başladı, Xocalı faciəsi qurbanlarının, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Şagirdlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşiləri tərəfindən xalqımızın başına gətirilən dəhşətlərdən söhbət açıb, həmin faciədən 25 il ötməsinə baxmayaraq Xocalı yarasının sağalmadığını, Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayev bu faciəni kamerasının yaddaşına köçürərək bütün dünyaya yaydığını qeyd etdilər. Şagirdlərdən Günay Rüstəmli, Elvin Əliyev, Qönçə Qədirli, Sahib Şəmizadə, Zeynəb Ağayeva, Cavid Axundov və başqalarının təqdim etdikləri səhnəciklər, şeir və vətənpər ruhda ifa etdikləri mahnılarla o ağrı-acıları, kövrək qəlblərindən süzülən hissləri hər kəsə yaşatdılar. Hazırladıqları ədəbi-bədii kompazisiya ilə sanki Xocalı harayına səs verirdilər. Qanlı faciəni törədən erməni vəhşilərini hər zaman nifrətlə xatırlayacaqlarına, torpaqlarımızı göz bəbəyi kimi qoruyacaqlarına and içdilər. Tezliklə qələbə çalacağımıza inamlarını bildirdilər.
Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndəsi Eldar Rüstəmov çıxışı zamanı Xocalı faciəsinin ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi olduğunu, o faciədən bizi 25 il ayırsa da, xalqımız faciənin ağrı-acısını hələ də yaşadığını, ancaq cənab Prezident, ali baş komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunacağını söylədi. Belə tədbirlərin keçirilməsinin şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmalarında mühüm rol oynadığını qeyd edib, məktəb rəhbərliyinə, şagirdlərə öz təşəkkürünü bildirdi.
Sonda məktəbin direktoru Xəyalə Əhmədzadə Xocalı faciəsindən söhbət açaraq bu faciəyə ilk dəfə ulu Öndərimiz Heydər Əliyev tərəfindən 1997-ci ildə siyasi
qiymət verildiyini, faciənin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın böyük xidmətləri olduğunu söylədi. O, şagirdlərin çıxışlarından razı qaldığını, ermənilər tərəfindən xalqımızın başına gətirilən belə qanlı faciələri unutmamağın vacibliyini qeyd etdi. Tezliklə, üçrəngli bayrağımızın Şuşada dalğalanması arzusunu səsləndirdi.
Bir müəllim kimi vətənpərvərlik ruhunda gördüyüm işlər təkcə məktəbdə təşkil etdiyim tədbirlərlə, keçdiyim dərslərlə məhdudlaşmır. Azərbaycan Respublikası Təhsil Şurası və ABŞ-ın Qarabağ Fondu Dağlıq Qarabağ münaqişəsinin 25 illiyi ərəfəsində fondun icraçı direktoru Diana Kohen Altman və Azərbaycan Təhsil Şurasının sədri, hörmətli professor Əjdər Ağayevin təşkil edib keçirdikləri «Qarabağ Həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının metodoloji əsasları» mövzusundakı Beynəlxalq Elmi Konfransda Xocalı faciəsi ilə bağlı etdiyim məruzə maraqlı qarşılandı.
Məktəbimizdə vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək, Azərbaycanın işıqlı gələcəyi naminə şagirdlərin layiqli vətəndaş kimi tərbiyə olunmaları, vətənpərvərlik ruhunda böyümələri üçün əlimdən gələni edəcəyəm. Bu mənim ən mühüm vəzifəm, müqəddəs borcumdur.

İradə Məlikova,
S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi,
iki dəfə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibi, «Tərəqqi» medallı


Şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasıŞagirdlərə vətənpərvərlik ruhunun aşılanmasıŞagirdlərə vətənpərvərlik ruhunun aşılanmasıŞagirdlərə vətənpərvərlik ruhunun aşılanmasıŞagirdlərə vətənpərvərlik ruhunun aşılanmasıŞagirdlərə vətənpərvərlik ruhunun aşılanmasıŞagirdlərə vətənpərvərlik ruhunun aşılanmasıŞagirdlərə vətənpərvərlik ruhunun aşılanması

Oxşar xəbərlər