İki körpə üzərində nadir əməliyyat icra olunub

İki körpə üzərində nadir əməliyyat icra olunub Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında nadir pilorostenoz xəstəliyindən əziyyət çəkən iki körpə üzərində cərrahi əməliyyat aparılıb.
Klinikanın uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxovun sözlərinə görə, son 1 həftə ərzində pilorostenoz xəstəliyi diaqnozu ilə klinikaya iki uşaq daxil olub. Uşaqlardan birində xəstəlik həyatının 52-ci günündə, digərində isə 9-10-cu günündə özünü büruzə verib. Nəticədə hər iki uşaq diaqnostik çətinlik səbəbindən klinikaya gecikmiş, yəni ağır hipotrofiya vəziyyətində daxil olub.
Həkim deyib: “Xəstələrdən biri - İsa Ağayev bu il iyulun 19-da 3500 qr çəki ilə dünyaya gəlib. Həyatının 52-ci gününədək uşağın böyümə və inkişafı kafi olub, çəkisi 5000 qrama qədər artıb. 52-ci gün uşaqda fəvvarə şəkilli qusmalar başlayıb. Müalicə olunmasına baxmayaraq, qusma davam edib və uşağın çəkisi 3800 qrama qədər azalıb. Körpəni sentyabrın 20-də ağır vəziyyətdə klinikaya gətiriblər. Burada aparılan kliniki və rentgenoloji müayinələrə əsasən, pilorostenoz diaqnozu qoyulub və sonra körpə ümumi anesteziya altında laparoskopik piloromiotomiya əməliyyatı icra olunub. Əməliyyatdan 4 saat sonra xəstə qidalandırılıb, ikinci sutkada isə kafi vəziyyətdə evə, ambulator müalicəyə göndərilib.
Digər xəstə - Turan Qurbanlı avqustun 28-də 2300 qr çəki ilə doğulub, həyatının 9-10-cu günündə fəvvarəşəkilli qusmalar başlayıb və çəkisi 1850 qr-a qədər azalıb. Bu körpə sentyabrın 25-də ağır vəziyyətdə klinikaya gətirilib. Aparılan kliniki və rentgenoloji müayinələrə əsasən uşağa pilorostenoz diaqnozu qoyulub və körpə üzərində sentyabrın 27-də həmin əməliyyat icra olunub.
Əməliyyatdan 4 saat sonra xəstə qidalandırılıb və 3-cü sutkada kafi vəziyyətdə evə, ambulator müalicəyə buraxılıb.
Ümumiyyətlə ATU-nun Tədris Cərrahiyyə Klinikasında yüksək səviyyəli anestezioloji xidmətin olması və müasir endoskopik alətlərin mövcudluğu hətta yenidoğulmuşlarda belə müxtəlif laparoskopik əməliyyatların icrasına imkan verir.
Xəstəlik barəsində isə onu deyə bilərəm ki, pilorostenoz-mədənin pilorik hissəsinin əzələ qatının hipertrofiyasıdır. Bu zaman qalınlaşmış əzələ qatı pilorusu tam qapadığına görə, uşaqların həyatının 3-4-cü həftələrində qəflətən fəvvarəşəkilli qusmalar başlayır. Bu zaman qusmanın miqdarı qəbul olunan qidadan çox olur. Xəstəlik hər 1000 yenidoğulandan 2-3-də rast gəlinir. Oğlanlarda xəstəliyin rastgəlmə tezliyi qızlara nisbətən 2-5 dəfə yüksəkdir”.
Qeyd edək ki, pilorostenoz xəstəliyi özünü həm tez, həm də gec büruzə verə bilər. Əksər hallarda xəstəyə vaxtında düzgün diaqnoz qoyulmadıqda, onlar ağır dərəcəli hipotrofiya ilə həkimlərə müraciət edirlər. Pilorostenoz cərrahi xəstəlikdir və müalicəsi yalnız cərrahi üsulla mümkündür. Əməliyyat açıq və laparoskopik yolla icra edilə bilər. ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsində belə xəstələrə heç bir kəsik aparılmadan laparoskopik piloromiotomiya əməliyyatı icra edilir.

ATU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər