Azərbaycan Tibb Universitetinin prorektoru Türk Universitetlər Birliyinin qurultayında iştirak edib

Azərbaycan Tibb Universitetinin prorektoru Türk Universitetlər Birliyinin qurultayında iştirak edib Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Universitetlər Birliyinin 3-cü qurultayı keçirilib. Qırğızıstan-Türkiyə Manas Universitetinin (KTMU) ev sahibliyi ilə keçirilən toplantının açılış mərasimində ölkə rəsmiləri, təşkilata üzv olan universitetlərin təmsilçiləri, həm də yerli ali məktəblərin tələbələri qatılıblar. Qurultayda ölkəmizi Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov təmsil edib.
Tədbirin açılış mərasimində KTMU-nun rektoru, professor Səbahaddin Balcı, Türk Şurasının baş direktorunun köməkçisi Ömər Qocaman və Türkiyənin Qırğızıstandakı səfiri Çingiz Kamil Fırat çıxış ediblər.
Toplantıda Türk Universitetlər Birliyinin təşkilati məsələləri müzakirə olunub, birliyin loqosu və saytının məzmunu təsdiqlənib. Həmçinin, təşkilatın qarşıdakı dövrdə fəaliyyəti, gələcəklə bağlı planları dəyərləndirilib. Toplantı zamanı iştirakçılar quruma üzv olmayan digər universitetlərlə əməkdaşlığın gücləndirilməsi üçün bir sıra təkliflər irəli sürüblər. Məşhur türk yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90-cı ildönümü ilə bağlı beynəlxalq simpoziumun təşkili məsələsi də müzakirə olunub.
Qeyd edək ki, Türk Universitetlər Birliyinin idarə heyətinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən 14 ali məktəbin nümayəndələri daxildir. Toplantının sonunda birliyin rəhbər orqanına yeni üzvlərin qatılması məsələsi müzakirə olunub. Nəticədə digər ölkələrlə yanaşı, Azərbaycan Dillər Universiteti də bu təşkilata yeni üzv seçilib.

Kəmalə Rəhimli


Azərbaycan Tibb Universitetinin prorektoru Türk Universitetlər Birliyinin qurultayında iştirak edibAzərbaycan Tibb Universitetinin prorektoru Türk Universitetlər Birliyinin qurultayında iştirak edib

Oxşar xəbərlər