BSU müəllimləri orta məktəblərdə görüş keçirib

BSU müəllimləri orta məktəblərdə görüş keçirib Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq, Pedaqoji, Tərcümə fakültələrinin dekanları və qeyd edilən müəllim və tələbələri ixtisas seçimi layihəsi çərçivəsində Bakının Nərimanov rayonundakı 200 saylı Məktəb-Lisey Kompleksdə olublar. BSU nümayəndələri məktəbin Akt zalında 9-11-ci sinif şagirdləri ilə görüş keçirib, onlara universitetin tarixi, keçdiyi yol, onun beynəlxalq əlaqələri, tədris prosesi, universitetdə fəaliyyət göstərən fakültələr, mərkəzlər, tədris olunan ixtisaslar, şöbə və kafedralar haqqında ətraflı məlumat veriblər. Məlum olduğu kimi, hazırda BSU-da 5 fakültə, 34 kafedra, magistratura və qiyabi təhsil şöbələri, o cümlədən məktəb-lisey kompleks fəaliyyət göstərir. Məktəbliləri daha çox Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələri maraqlandırıb. Son illərdə BSU-nun bu sahədə fəaliyyəti daha da genişlənib. Belə ki, slavyan ölkələri ilə yanaşı, BSU Fransa, ABŞ, İngiltərə, Türkiyə, Yunanıstan, Gürcüstan və s. ölkələrin nüfuzlu ali təhsil, elm və mədəniyyət müəssisələri ilə sıx əlaqələr yaradıb, tələbə-müəllim mübadiləsi həyata keçirir.
Daha sonra universitet əməkdaşları universitetə qəbul qaydaları, məzunların işlə təmin edilməsi və s. barədə ətraflı məlumat veriblər. Onlar gəncləri ixtisas seçərkəən səhv etməməyə, öz arzularına uyğun fakültə və ixtisaslar seçməyə çağırıblar. Görüşün sonunda nümayəndə heyəti şagirdləri maraqlandıran sualları cavablandırıb və onlara universitet həyatından bəhs edən kitablar, bukletlər paylayıblar.
Görüşdə iştirak edən liseyin direktoru Fuad Babayev qonaqları rəhbərlik etdiyi məktəbin sinif otaqları, kompüter və idman zalı ilə tanış edib. Qeyd edək ki, ixtisas seçimi layihəsi çərçivəsində maarifləndirmə tədbirləri gələcəkdə də davam edəcək.

BSU-nun Mətbuat Xidməti


BSU müəllimləri orta məktəblərdə görüş keçirib

Oxşar xəbərlər