ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər

ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurasının üzvləri bu ali məktəbdə yay imtahan sessiyasının gedişini izləyiblər.
İctimai Etimad Şurasının üzvləri - Milli Məclisin deputatı Hikmət Babaoğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov, Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban və başqaları auditoriyalarda imtahan prosesi ilə tanış olub, tələbələrin hazırlığı və onlar üçün yaradılmış şərait barədə fikir mübadiləsi aparıblar.
İctimai Etimad Şurasının üzvlərinə məlumat verilib ki, iyunun 13-də ADNSU-da 38 qrup yazılı, 45 qrup yazılı-şifahi formada imtahan verib. 1026 tələbə yazılı imtahanlarda, 1215 tələbə isə yazılı-şifahi imtahanlarda iştirak edib. Ümumilikdə yay imtahan sessiyasında 11 minədək tələbə və magistrant iştirak edəcək. Bildirilib ki, universitetdə imtahan sessiyası mövcud qaydalara uyğun təşkil edilib, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunub.
İctimai Etimad Şurasının üzvləri ADNSU-da imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzinin iş prosesi ilə tanış olublar.
Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı yay imtahan sessiyasının təşkili barədə şura üzvlərinə məlumat verib. Rektor universitetdə şifahi imtahanların tətbiqinə geniş yer verildiyini və magistratura pilləsində akademik yazı ilə bağlı tədris aparılacağını vurğulayıb.
Şura üzvləri universitetdə şəffaf tədris mühitini, tələbələrin biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün yaradılan şəraiti və imtahana nəzarət prosesini yüksək qiymətləndiriblər.

Kəmalə Rəhimli


ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər

Oxşar xəbərlər