
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, dosent Laçın Həsənova mövzunun aktuallığını qeyd edərək sözü Selvi Sertdemirə verib. Selvi Sertdemir öz fəaliyyəti barədə və erkən nikahların təhsilə, sağlamlığa mənfi təsirləri haqqında geniş danışıb. Qeyd edək ki, Selvi Sertdemir 1963-cü ildə Türkiyə Respublikasının Konya şəhərində anadan olub. Şimali Kipr Türk Respublikasının vətəndaşıdır. Həmin ölkədə SOS Uşaq Şəhərciyində işləyir. O, rəssam olmaqla yanaşı, “Uşaqların inkişafı” ixtisası üzrə mütəxəssisdir. Müxtəlif beynəlxcalq sertifikatlara layiq görülüb. 2015-ci və 2016-cı illərdə İzmir Xəbər Agentliyinin “İlin ən yaxşı rəssamı” və SOS Uşaq Kəndinin “İlin ən yaxşı anası” mükafatları ilə təltif olunub. “Beynəlxalq Sosial Məsuliyyət ART” layihəsi çərçivəsində müxtəlif ölkələrdə “Erkən nikahlara yox!” mövzusunda çoxlu sərgilər keçirib.
YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının sədri, professor H.Qasımov çıxışında fakültənin rəhbərliyinə, müəllim və tələbələrinə sərginin təşkil olunmasına görə təşəkkür edib. Qeyd edib ki, fakültə sosial fəallığına görə universitetdə seçilir. Professor H.Qasımov fakültənin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev çıxışında sərginin mövzusunun və nümayiş olunan rəsm əsərlərinin maraqlı olduğunu bildirib və növbəti sərgilərin milli dəyərlərə, sağlam ailəyə həsr olunmasını təklif edib.
Sonra Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərlik etdiyi fakültənin birləşmiş xoru fakültənin himnini, Nailə Mirməmmədlinin bəstələdiyi "Uşaqlar ağlamasın" mahnısını və turk bəstəsini ifa ediblər. Bədii hissədən somra iştirakçılar Selvi Sertdemir, Təsvir incəsənət və onun tədrisi metodikası kafedrasının müəllimi Bənövşə Ağayevanın, Vəfa Allahyarovanın və fakültə tələbələrinin rəsm əsərləri ilə tanış olublar.
Tədbirdə fakültənin fəal tələbələri diplomlarla təltif olunublar. Həmçinin Selvi Sertdemir fakültənin dekanı, dosent Laçın Həsənovaya, fakültənin müəllimləri Bənövşə Ağayevaya, Vəfa Allahyarovaya və tələbələrinə diplomlar təqdim edib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
