AzMİU-da Məzun Günü

AzMİU-da Məzun Günü Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. Universitetin Akt zalında düzənlənən mərasimdə dövlət qurumlarının, səfirliklərin nümayəndələri, millət vəkilləri, universitetin əməkdaşlıq etdiyi şirkətlərin rəhbərləri, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak edib. Mərasimi açıq elan edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. O, qeyd edib ki, bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 43-cü təntənəli buraxılış gecəsinə toplaşmışıq. “Başa vurduğumuz tədris ilində universiteti bakalavriat səviyyəsində 22 ixtisas üzrə 1130 nəfər, magistratura səviyyəsində 38 ixtisaslaşma üzrə 227 nəfər olmaqla cəmi 1357 gənc bitirir. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrimizdən 4, magistr tələbələrimizdən 16 nəfər fərqlənmə diplomuna layiq görülüb. Bakalavriat səviyyəsi üzrə məzunlarımızdan 337 nəfər magistratura səviyyəsinə uğurla imtahan verərək ali təhsilin ikinci pilləsinə keçib. Sevindirici haldır ki, ilkin məlumatlara görə, onlardan 40 nəfəri xarici ölkələrin universitetlərinin magistr proqramlarına qəbul olunublar. Magistratura səviyyəsini bitirən gənclərimizdən 4-ü Tempus layihəsi çərçivəsində “Ekologiya mühəndisliyi” ixtisası üzrə AzMİU ilə İspaniyanın Koruna Universitetinin ikili diplom proqramı ilə təhsil almışlar. Daha 4 magistrimiz Tempus layihəsi çərçivəsində hazırlanmış “Enerji menecmenti” ixtisası üzrə təhsillərini tamamlamışlar”.
Onu da qeyd edək ki, bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İran, Rusiya, Türkmənistan, Sierra-Leone, Qazaxıstan, Gürcüstan, və Suriyadan olan 132 (126 bakalavr +6 magistr) məzun da var. Rektor çıxışında onu da vurğulayıb ki, AzMİU-da 3 dildə təhsil aparıldığından bu ilki buraxılışda 95 nəfər rus və 28 nəfər ingilis dilində təhsilini başa vuran məzun var.
Tədbirin gedişində AzMİU-nu fərqlənmə diplomu ilə bitirən məzunlara rektorun təbrik məktubu oxunub, universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomları təqdim edilib. Universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən bir neçə tələbə isə G.Məmmədova tərəfindən təltifnamələrlə mükafatlandırılıb. Məzunlar tələbəsi olduqları ali təhsil ocağında universitet rektorluğu və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini söyləyərək universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbir AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında bədii hissə ilə davam edib. Universitetin rəqs qrupu və qonaqlar öz çıxışları ilə məzunların sevincinə şərik olublar. Sonda isə məzunlar səhnədə əllərində Azərbaycan bayraqları, əcnəbi məzunlar isə öz ölkələrinin bayraqları ilə birgə “Tələbəlik illəri” mahnısını ifa ediblər.

AzMİU-nun Mətbuat Xidməti


AzMİU-da Məzun GünüAzMİU-da Məzun GünüAzMİU-da Məzun GünüAzMİU-da Məzun GünüAzMİU-da Məzun GünüAzMİU-da Məzun GünüAzMİU-da Məzun GünüAzMİU-da Məzun GünüAzMİU-da Məzun GünüAzMİU-da Məzun Günü

Oxşar xəbərlər