Türk dünyasının ziyalıları ADPU-da

Türk dünyasının ziyalıları ADPU-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə gələn türk dünyasının tanınmış ziyalıları Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Rektor Cəfər Cəfərov rəhbərlik etdiyi universitet haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, 1921-ci ildə yaradılan ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olub və fəaliyyəti dövründə 160 mindən çox pedaqoji kadr hazırlayıb. Üç il əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə bu ali məktəbə qoşulub. ADPU-nun səkkiz fakültəsi, 35 kafedrası, beş filialı var. Tədris dörd binada aparılır. Ölkəmizin ən böyük orta ixtisas təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb ADPU-nun baza məktəbi müəyyənləşdirilib. Hazırda ADPU-da 18 minədək tələbə təhsil alır.
Şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarları Birliyinin sədri Əkbər Qoşalı bildirib ki, görüşdə iştirak edən ziyalılar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əzmlə fəaliyyət göstərirlər.
Yakutiya Yazıçılar Birliyinin sədri, xalq şairi Natalya Xarlampyeva, Anadolu Sənətçilər, Şairlər, Ozanlar, Elm Adamları Birliyinin rəhbəri Sabit İncə, Qocaeli Şairlər-Yazarlar Dərnəyinin rəhbəri Alptəkin Cevhərli, Özbəkistanın Gənc Yaradıcılar Birliyinin eksperti, türkoloq Şahina İbrahim və başqaları inteqrasiya və qloballaşma şəraitində türk xalqlarının sıx əlaqədə olmalarının vacibliyini vurğulayıblar.
Görüşdə türk dünyasının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və birliyi ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar ADPU-da fəaliyyət göstərən TÜRKSOY kafedrası ilə tanış olublar.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, bu ali məktəb Türkiyənin bir çox universitetləri ilə uğurlu əməkdaşlıq edir. Universitetdə TÜRKSOY kafedrasının yaradılması da bu istiqamətdə atılan vacib addımlardandır. TÜRKSOY kafedrası ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə ADPU-da yaradılıb. Kafedranın yaradılmasının məqsədi türk xalqları ilə əlaqələri daha da genişləndirməkdir.

ADPU-nun Mətbuat Xidməti


Türk dünyasının ziyalıları ADPU-da

Oxşar xəbərlər