Tələbə adını qazanan 1803 gənc Azərbaycan Texniki Universitetini seçib

Tələbə adını qazanan 1803 gənc Azərbaycan Texniki Universitetini seçib Azərbaycan Texniki Universitetində (AzTU) 2018-2019-cu dərs ilinin başlanması və “Bilik günü”nə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Universitetin binası qarşısında davam edən tədbirdə AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov toplaşanları “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Azərbaycan Texniki Universitetinin gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, mütəxəssislərin hazırlanması prosesində, vətənpərvərliyin təbliğində müstəsna rol oynadığı diqqətə çatdırılıb. Universitetin tarixindən danışan X.Yahudov bu ali məktəbin Azərbaycan üçün minlərlə yüksəkixtisaslı mühəndis kadrlar hazırladığını qeyd edib. Bildirilib ki, bir neçə universitet və institutun, kollec və texniki peşə məktəbinin formalaşmasında baza rolunu oynayan AzTU yarandığı gündən ölkəmizdə texniki sahənin inkişafı ilə yanaşı, ictimai-siyasi mühitin formalaşmasında, eləcə də Azərbaycanın dünyada tanınmasında əvəzsiz xidmətlər göstərib.
Vurğulanıb ki, bu il Azərbaycanda tələbə adını qazanan hər iyirmi abituriyentdən biri, yəni 1803 gənc AzTU-nu seçib. Onların iyirmi faizi ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb. Qəbul olunanların 25,19 faizi dövlət sifarişi əsasında təhsil alacaq.
Ali təhsil ocağının magistratura pilləsinə bu il 324 nəfər daxil olub.
Digər çıxış edənlər də tələbə adını qazanan gəncləri təbrik edib, uğurlar arzulayıblar.
Sonda qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri, qiymət kitabçaları, tələbə biletləri təqdim edilib.

Hikmət Əliyev

Oxşar xəbərlər