Polşalı alim: Azərbaycanlı gənclər öz tarixi köklərinə möhkəm tellərlə bağlıdırlar

Polşalı alim: Azərbaycanlı gənclər öz tarixi köklərinə möhkəm tellərlə bağlıdırlar Polşanın Nikolay Kopernik adına Torun Universitetinin doktoranturaya qəbul şöbəsinin müdiri, professor Donuta Pleçka və Adam Marşalek adına Mətbuat Evinin prezidenti, professor Yoanna Marşalek Bakı Slavyan Universitetində (BSU) növbəti dəfə mühazirə oxumaq məqsədilə ölkəmizdə səfərdədirlər. Polşalı müəllimlər iki həftə müddətində oxuyacaqları mühazirələrdə ölkəsinin tarixi, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası, siyasəti barədə məlumat verəcəklər.
Fikirlərini bölüşən polşalı müəllimlər Azərbaycan-Polşa əlaqələrindən danışıb, azərbaycanlı tələbələrin bu ölkə barədə mükəmməl biliklərə malik olduğunu bildiriblər. Professor Yoanna Marşalek polşalı müəllimlər tərəfindən ötən il polyak dili üzrə təhsil alan BSU tələbələri arasında sorğu keçirildiyini xatırladıb. O deyib: “Sorğu nəticəsində bəlli olub ki, azərbaycanlı gənclər milli mənəvi dəyərlərə, mentalitetə və öz tarixi köklərinə möhkəm tellərlə bağlıdırlar. Həmçinin sorğunun nəticələri ilə bağlı Polşada məqalə dərc olunub”.
Yoanna Marşalek diqqətə çatdırıb ki, BSU-nun rektoru, professor Nurlana Əliyevanın təşəbbüsü ilə Polşada bu universitet alimlərinin məqalələrindən ibarət toplu çapdan çıxıb. “Yeri gəlmişkən, qeyd edim ki, Nurlana Əliyeva və BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov Polşanın “Nowa polityka wschodnia” elmi jurnalın redaksiya heyətinin üzvü seçiliblər”.
Azərbaycanlıların milli dəyərlərini qorumasını müsbət hal kimi dəyərləndirən Yoanna Marşalek etnik-mədəni fərqlərin tələbələr arasında münasibətlərdə heç bir problem yaratmadığını qeyd ediblər.
Azərbaycanlı tələbələrin Polşa universitetlərində etnoqrafiya, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində göstərdikləri uğurlardan danışan Donuta Pleçka da ölkəmizin təhsil sistemi ilə bağlı müsbət fikirlərini bölüşüb. Azərbaycanda təhsil sisteminin inkişafından danışan Donuta Pleçka bildirib ki, bu ölkədə gənclərə bilik aşılamaqla yanaşı, onların tərbiyəsinə də böyük önəm verilir.

BSU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər