Tarix İnstitutunun saytı yenilənib

Tarix İnstitutunun saytı yenilənib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının oktyabrın 19-da keçirilən iclasında bu elm müəssisəsinin saytı yeni versiyada (www.tarixinstitutu.az) təqdim edilib.
Bu elm müəssisəsinin direktoru, akademik Yaqub Mahmudov rəhbərlik etdiyi qurumun ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynadığını vurğulayıb. O deyib: “Dünyaya sübut etmişik ki, ermənilər Qafqaza gəlmədirlər. Portalımızın əsas şüarı ulu öndər Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” kəlamıdır. Tarixçi olaraq müqayisə aparmaq istəyirəm. Məncə, tarixin inkişaf dövrlərinə təzə birini də daxil etmək lazımdır. Bunu ironiya ilə yox, həqiqət olaraq deyirəm: bizim bir neçə - Paleolit, Neolit, Eneolit və Dəmir dövrümüz var. Yaşadığımız dövr isə informasiya texnologiyaları dövrüdür”.
Saytın idarəçisi Elnur Nəciyev qeyd edib ki, Tarix İnstitutunun nəşrləri saytın “E-kitablar” bölməsində oxuculara təqdim olunur. “AMEA-nın digər institutlarından fərqli olaraq portalımızın “E-kitablar” bölməsindəki nəşrləri daha asan şəkildə axtarmaq mümkündür”, - deyə E.Nəciyev bildirib.
Diqqətə çatdırılıb ki, saytın ana səhifəsi “İnstitut haqqında”, “Xəbərlər”, “Tarixçilər”, “Dövlətçilik tarixi”, “E-kitablar”, “Xəritələr”, “Qalereya”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarətdir.
Y.Mahmudov deyib ki, Prezident İlham Əliyev Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla bu elm müəssisəsinə çox yüksək qiymət verib. İnstitutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir. Portalımızın “Dövlətçilik tarixi” bölməsində “Soyqırımları tarixi”, “Repressiya tarixi” və “Deportasiya tarixi” yarımbölmələri var.
Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir. Yaxın zamanlarda portalın rus və ingilis dillərində olan versiyaları da ictimaiyyətə təqdim ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər