Rektorla görüşdən sonra M.Ağırman həmvətənləri ilə universitetin akt zalında görüşüb, onların suallarını cavblandırıb. Görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Əncəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, dekanlıq əməkdaşları, müəllimlər və türk tələbələr iştirak ediblər.
Təhsil müşaviri M.Ağırman Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral adından bütün tələbələri salamlayıb, onlara təhsillərində uğurlar arzulayıb. O, gəlişinin məqsədinin ölkəmizdə təhsil alan türk tələbələrin problemlərini dinləmək, onları narahat edən məsələlərin operativ həllinə nail olmaq, istənilən mövzu ətrafında fikir mübadiləsi aparmaq olduğunu deyib.
Prorektor və Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı ümumilikdə AzMİU-da təhsil alan türk tələbələr üçün hər cür şərait yaradıldığını, onların problemlərinə həssaslıqla yanaşıldığını təhsil müşavirinin diqqətinə çatdırıblar. THİK sədri B.Aslanov isə universitetin nizam-intizam qaydalarını türk tələbələrə xatırladıb, onları bu tələblərə ciddi əməl etməyə çağırıb. Tələbələri təşkilatla sıx əməkdaşlığa çağıran B.Aslanov istənilən mövzuda onlara yardım etməyə hazır olduqlarını bildirib.
Tələbələr onları narahat edən mövzularla bağlı təhsil müşavirinə suallar ünvanlayıblar. Görüşün sonunda cənab Ağırmanın tövsiyyəsi ilə Türkiyənin bütün bölgələri üzrə AzMİU-da təhsil alan tələbələr arasından nümayəndələr seçilib.
AzMİU-nun Mətbuat Xidməti



