Müqayisə

Müqayisə Rayonlardan birində təlimdə idim. Orta məktəb şagirdləri üçün fərdi inkişaf, özünüdərketmə, uğur, motivasiyadan danışırdım. Təlimin yekununda bir müəllim “niyə xaricilərdən misal çəkirsiniz? Özümüzünkülər heç də onlardan geri qalmırlar, özümüzdən danışın” - deyə şikayət etdi. Normal qarşılanmalı irad idi. Amma elə dərhal əlavə etdim: “Pedaqoji fəaliyyətinizin 21 ilində yetişdirdiyiniz bir İlon Mask, Luiza Key göstərin, ondan danışım”.
***
Bu hadisəni Qazaxıstanın keçmiş kənd təsərrüfatı nazirinin oğlu onunla bir yerdə Londonda təhsil alan azərbaycanlı tələbəyə danışmışdı. Azərbaycanlı tələbə ilə söhbətimdə bunları eşitdim:
- Növbəti tətillərdən birində Londondan Vətəninə qayıdan qazax tələbəyə valideynləri, dost-tanış suallar verir, iki ölkə arasında fərqləri soruşur, oradakı həyatından danışmağı istəyirmişlər. Qazax tələbə danışırmış ki, Londonda iki ahıl ev sahibinin kirayəyə verdiyi evdə qalır. Halbuki daha komfortlu, şəraiti yüksək olan evdə qala bilər. Ümumiyyətlə, ingilislərlə qazaxlar arasında əsas fərqlərdən biri onların qənaətcil olmalarıdır. Lakin bu o demək deyil ki, ingilislər həyatın ləzzətini çıxarmaqdan, yaxşı istirahətdən, özlərinə qulluq etməkdən uzaq qalıblar. Sadəcə, ingilislər pullarını biz qazaxlar kimi havaya sovurmurlar. Qazax gənc öz qohumlarına danışır ki, ev sahiblərinin üç otaqlı mənzilləri var. Özləri 2 kiçik otaqda qalır, digər otağı xarici tələbələrə kirayəyə verirlər. Hətta ahıl ev sahibəsi tələbələr üçün səhər və axşam yeməyi də hazırlayır ki, bu da əlavə gəlirdi. Ən maraqlısı, ev sahibləri yay tətilində harasa getdiklərində evlərini tam olaraq kirayə verib, əlavə qazanc əldə edirlər.
İndi bizim ailəyə baxaq. 3 mərtəbəli evimiz var. Evdə hər cür şərait yaradılıb. Niyə və nəyə görə? Biz hərəmiz bir ölkədə təhsil alır, yaşayırıq, qohumlar isə il ərzində maksimum 10 dəfə qonaq gələrlər, ya yox. O saysız-hesabsız otaqlara anamdan başqa baş çəkən olmur, o da təmizlik işləri, daha dəqiqi, toz basmış mebelləri silmək üçün, vəssallam. Amma bütün bunlar hamısı əlavə xərcdir.
Onun atası oğlunun bu düşüncəsilə heç cür razılaşmır: Axı, qazax kiçik evdə yaşaya bilməz. Bu, onların düşüncəsinə yaddır.
İngilislər çalışırlar ki, geyimə çox pul xərcləməsinlər. Adətən belə bazarlığı böyük endirimlər zamanı, çox ucuz və keyfiyyətli mallara sərf edirlər. Onlar e-shoplardan daha çox yararlanır və az qala hər penslərinin qədrini bilirlər.
Bəs ərzaq? Maşallah, qazax məclislərində qonaqlıqların və qonaqların sayı-hesabı olmur. Bundan əlavə, gündə 3 dəfə bir ailənin ehtiyacından çox yemək hazırlanır. Heç də hamısı yeyilmir, ərzaq boyatlaşır və zibilliyə atılır. Amma ingilislər üçün bu, doğrudan da əlavə xərc və sağlamlığa qarşı düşmənçilikdir. İngilislər deyirlər ki, bizim zibilliyə atdığımız ərzaq və təamlarla Afrikada, eləcə də Yaxın Şərqdə aclıqdan əziyyət çəkən yüzlərlə, minlərlə insanı doyuzdurmaq olar.
Əlbəttə, qonaqpərvər qazax üçün bunlar anlaşılan deyil. Bizim qonaqlıqlarda azından 20-50 nəfər iştirak etmədisə, o nə məclisdir? Hələ toylarımız. 400 nəfərdən az qonağın gəldiyi toy ev sahibi üçün ayıbdır. Stolun üstündə nə olmur ki? Hansı təamdan azı 3 növ qoyulmur ki? Belə baxanda qınamalı da deyil, çünki bizim çağırdığımız qonaq övladları, qardaşı, bacısı, bacısı uşaqları və hətta qonşusu ilə də gələ bilər. Qonaqpərvərik axı. Bu haqda ingilislərə danışsaq, onlar intihar edərlər.
Qazax tələbə danışır ki, ingilislər qonaq dəvət edərkən siyahı tuturlar. Dəqiq bilirlər ki, kim gələcək və nə yeyəcək. “Bu gün 15-20 qonağımız olacaq” cümləsi, təsəvvürü mümkün deyil, çünki onlar üçün dəqiq rəqəm var, misal üçün, bu gün 15 nəfər gələcək.
Bəli, Böyük Britaniyada digər Avropa dövlətlərində olduğu kimi kommunal xidmətlər çox bahadır. Buna görə evi tam qızdırmaq, kombi sistemi quraşdırmaq, istilikverici əlavə cihaz qoymaq, işıqların hamısını eyni zamanda yandırmaq ingilis üçün təsəvvür olunmazdır. Hələ 64, 128 lampalı çilçırağı demirəm, muzey və ya rəsmi dövlət qəbulu keçirilən salon deyil ki, evdə istifadə edələr?
Qazax tələbənin bu fikir və yanaşmasına atası etiraz edir. O, bildirir ki, suyu, işığı və digər kommunal xərcləri öz cibindən, halal qazandığı pulla ödəyir. Bəli, doğrudur.
Bax, ən böyük qəribəlik də elə bundadır. Atam bununla demək istəyir ki, başqaları kimi sayğaca “müdaxilə” etmir, işıq və suyun pulunu vaxtında ödəyir, borcu olmur. Yaxşı! Məsələ bundadır ki, biz suyu əbəs yerə kanalizasiyaya buraxırıq, mənasız yerə işıq yandırırıq, artıq qalan ərzağı zibilliyə atırıq, bununla da biz özümüzdən oğurluq edirik. Min cür əzab-əziyyətlə qazanılan pulu niyə boşuna xərcləyirik axı? Bu ölkədə biz tək deyilik. Bizim kimi onlarla, yüzlərlə, minlərlə ailə var. Görün ölkədə nə qədər istehsal olunan, emal olunan, çıxarılan resursumuzu hədər xərcləyirik?
İngiltərədə təhsil alan qazax tələbənin düşüncəsinə görə, belə xırdalıqlar ölkə iqtisadiyyatına təsir edir. Hər damcı, hər kilovat, hətta əbəs yerə yandırılan kibrit çöpü sonradan həyat tərzinə çevrilir.
Bütün bu xırdalıqlar, xəsisliklər ingilislər üçün həyat tərzidir və onları narahat etmir, əskinə, norma sayılır. Qazax tələbə təəssüflə deyir ki, bütün bu izahlardan sonra atası ingilislər kimi yaşaya bilməyəcəyini bildirib.
Atama dedim ki, onda əvvəlki kimi yaşa, amma bundan sonra ingilislər bizdən yaxşı yaşayırlar, istirahət etməyi bacarır, inkişaf edirlər deyib şikayət etmə. Bundan sonra onların həyat səviyyəsi ilə bizim həyat səviyyəmiz arasında fərqi görüb təəccüblənmə. Başqa qazaxlara da demək lazımdır ki, onlarda komfortlu məişətdən həsədlə danışmasınlar. Deməsinlər ki, niyə ingilis təqaüdçülər öz hesablarına bütün dünyanı gəzir, istirahət edir, bizimkilər isə kəndlərdə həyatyanı sahədə kartof becərir, torpaq sahəsini fermerə icarəyə verib, onun ilin sonunda verəcəyi qəpik-quruşa göz dikir. Yaxşı yaşamaq istəyiriksə, həyat tərzimizi dəyişməliyik, kompleks yanaşmalıyıq. Onların adi saydığı şeyi biz qeyri-adi qarşılamamalı, onlar üçün qeyri-adi olanları biz etməməliyik. Nə qədər geniş düşünəriksə, uğurlarımız o qədər çox olar.
***
Qayıdaq söhbətin əvvəlində qeyd etdiyimiz müəllimin iradına. Hörmətli müəllimlər, əziz soydaşlar, belə düşüncəli gənclərimiz var, etirazım yoxdur. Amma bizim o qazaxdan fərqimiz nədir? Əslində, bu yazını çex cəmiyyəti ilə özümüz arasında müqayisəli yaza bilərdim. Sadəcə, özümüzü müqayisə edəndə “bizimkilər”in məsxərəsi adamı dediyinə peşman edir. Tbilisinin meri Kaxa Kaladzenin çəkməli şəklini paylaşıb fəxrlə danışanlar bizim kənd təsərrüfatı nazirinin tarlaya çəkməli səfərinə yumorla yanaşdıqları kimi.

Sənan NƏCƏFOV

Oxşar xəbərlər