Novosibirsk Dövlət Universitetinin professoru ADPU-da məruzə etdi

Novosibirsk Dövlət Universitetinin professoru ADPU-da məruzə etdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə 27 mart Azərbaycanda “Elm günü” təsis edilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Elm günü” münasibətilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. İlk tədbir 23 yanvar 2019-cu il tarixdə Novosibirsk Dövlət Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sobolev adına Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru İvan Anatolyeviç Maltsevin ADPU-da məruzəsi ilə başlandı. Qeyd etmək yerinə düşər ki, professor İ.A.Maltsev ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovun dəvəti ilə Azərbaycana səfər edib.
ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında təşkil edilən elmi seminarı professor Asəf Zamanov açaraq, professor İ.A.Maltsevin - SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının Sibir Bölməsinin yaradıcılarından biri, Sibir cəbr və məntiq elmi məktəbinin yaradıcısı, fizika-riyaziyyat elmləri doktoru, professor Anatoli İvanoviç Maltsevin oğlunun elm və təhsil sahəsindəki əsas uğurları barədə məlumat verdi və Azərbaycanda yüksəkixtisaslı elmi kadrların formalaşmasında Maltsevlərin xidmətlərini xüsusilə vurğulayaraq dəvəti qəbul etdiyi üçün tanınmış alimə təşəkkürünü bildirdi. ADPU-nun son illərdəki elmi uğurları və Novosibirsk Dövlət Universiteti ilə gələcək əməkdaşlığının hər iki tərəf üçün vacibliyi qeyd edildi.
Professor İ.A.Maltsev cəbr və məntiq sahəsində SSRİ Elmlər Akademiyasının Sibir Bölməsində, həmçinin Novosibirsk Dövlət Universitetində aparılan elmi-tədqiqat işləri və öz elmi nəticələri barədə geniş məruzə etdi. Azərbaycanın son illərdə hərtərəfli inkişafından, həmçinin ADPU ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi, dəvət üçün universitetin rəhbərliyinə təşəkkür etdi. Qonaq həmçinin ADPU-nun alimlərinin riyaziyyat sahəsindəki uğurları barədə də məlumatlandırıldı.
Elmi seminardan sonra professor İ.A.Maltsev universitetin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərovla görüşdü. Rusiya və Azərbaycan universitetlərinin gələcək əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparıldı. Rektor 75 illik yubileyi münasibətilə rusiyalı alimi təbrik etdi.
Bu səfər çərçivəsində professor İ.A.Maltsevin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda, Bakı Dövlət Universitetində, Gəncə Dövlət Universitetində də məruzələri nəzərdə tutulub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


Novosibirsk Dövlət Universitetinin professoru ADPU-da məruzə etdi

Novosibirsk Dövlət Universitetinin professoru ADPU-da məruzə etdi

Oxşar xəbərlər