İlahiyyat İnstitutu Rusiya universitetləri ilə əlaqələri genişləndirir

İlahiyyat İnstitutu Rusiya universitetləri ilə əlaqələri genişləndirir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Rusiyanın Perm Dövlət İncəsənət İnstitutu və Omsk Dövlət Universiteti arasında əməkdaşlıq protokolları imzalanıb.
Müqavilələr tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı fayda əldə edilməsi, hörmət və etibar prinsipləri əsasında yüksəkixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişaf etdirilməsi, qarşılıqlı anlaşma, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi-araşdırma və təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır. Sənədlərdə elmi təcrübə və araşdırma, tədris metodikası üzrə elmi məlumatların ötürülməsi, tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşülməsi, elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili, tələbə mübadiləsi, elmi və metodiki vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulub.
Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, həmçinin universitetlərarası əlaqələrin genişləndirilməsidir.
Azərbaycan İlahiyyat İnstitutu ötən bir il ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb, Türkiyənin Ankara, İstanbul, Marmara, “29 Mayıs”, Kırıkkale universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər