Paytaxt məktəblərində “Nəsimi ili” ilə əlaqədar breyn-rinq bilik yarışı təşkil olunub

Paytaxt məktəblərində “Nəsimi ili” ilə əlaqədar breyn-rinq bilik yarışı təşkil olunub Məktəblilərarası “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib.
Yarışda bu qurumun tabeliyindəki 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider” komandaları iştirak edib.
Bilik yarışının IV mərhələsi “Nəsimi ili” ilə əlaqədar olaraq böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunub. Bu mərhələdə komanda üzvləri Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair Nəsiminin həyat və yaradıcılığına aid sualları cavablandıraraq biliklərini sınayıblar.
Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin “Zirvə” komandası 15 xal toplayaraq digər komandalardan üstün olub.
Qeyd edək ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir. Hər ay keçirilməsi planlaşdırılan “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi Bakının tarixinə həsr olunacaq.
Yarışın bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.

Tehsil-press.az



Oxşar xəbərlər