
O, dəfələrlə xaricdə (Rusiyada, Türkiyədə, Ukraynada və Polşada) və respublikada keçirilən beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. 200-ə yaxın məqalənin (45-i xaricdə nüfuzlu jurnallarda dərc olunub), 2 monoqrafiyanın (1-i Rusiya Elmlər Akademiyasının "Nauka" nəşriyyatında dərc olunub), universitetlər üçün 34 dərslik və 7 fənn proqramının müəllifidir. Bir çox beynəlxalq nüfuzlu jurnallarda çap edilən məqalələrdə alimin aldığı elmi nəticələrə istinadlar var.
Professor R.Hümbətəliyev 2016–cı ildə riyaziyyat elmində aldığı nəticələrə görə Rusiya Təbiətşünaslıq Akademiyasının M.V.Lomonosov qızıl medalına, pedaqoji fəaliyyətinə görə Avropa Elm Mərkəzinin K.Uşinski qızıl medalına, V.Leybinis qızıl medalına, Avropada Keyfiyyət (EUROPEAN QUALİTY) qızıl medallarına və 2017-ci ildə Avropa Elm Mərkəzi və Rusiya Təbiətşünaslıq Akademiyasının təsis etdiyi A.Nobel qızıl medalına layiq görülmüşdür.
2019-cu ildə alim Rusiya Dağ Elmləri Akademiyasının 25 illiyi ilə əlaqədar medalla təltif olunmuşdur. O, həmçinin Təbiətşünaslıq Elmlər Akademiyasının akademiki və Rusiya Dağ Elmlər Akademiyasının Xarici üzvü diplomları ilə təltif olunmuşdur.
İnformasiyanı sürətlə qəbuletmə qabiliyyətinə, aldığı məlumatları tez bir zamanda aşılayıb yeni keyfiyyətlə, elmi yeniliklərlə ideyalar çoxluğuna çevirmə bacarığına malik professor R.Hümbətəliyev problemləri görüb-duyur, hədəfləri müəyyənləşdirir, prosesləri təhlil edərək onları riyazi üsullarla izah edir. Ən başlıcası budur ki, o ən mürəkkəb fikirləri belə sadə dildə şərh edir.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


