Bakı Biznes Universitetində “Məzun günü”ndə əmək yarmarkası təşkil edilib

Bakı Biznes Universitetində “Məzun günü”ndə əmək yarmarkası təşkil edilib İyunun 28-də Bakı Biznes Universitetində (BBU) “Məzun günü” qeyd olunub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov məzunlar haqqında məlumat verib. O bildirib ki, bu il BBU-dan 290 bakalavr, 45 magistr məzun olur. Bakalavrlardan 146-sı Biznes və menecment fakültəsinin, 144-ü isə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələridir.
“Məzun–2019” buraxılış günü çərçivəsində universitetdə işaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil olunub. Tələbə və məzunlar Dövlət Məşğulluq Xidməti tərəfindən təqdim olunan iş yerləri ilə maraqlanıb, müvafiq sənədləri təqdim ediblər.
Dövlət Məşğulluq Xidmətinin və BBU-nun rəhbərliyi əmək yarmarkası ilə tanış olub, bu cür fəal məşğulluq tədbirləri ilə bağlı tələbə və məzunların rəylərini, təkliflərini öyrəniblər. Diqqətə çatdırılıb ki, yarmarkada Bakı şəhərinin rayonlarının məşğulluq mərkəzləri ilə əməkdaşlıq edən 50-yə yaxın müəssisə tərəfindən 272-dən artıq boş iş yeri təqdim olunub. Boş iş yerlərinin 230-u qeyri-dövlət müəssisələri, digərləri isə dövlət müəssisələrinin payına düşür. Təqdim olunan vakant iş yerlərində maksimum əməkhaqqı 1200 manat, minimum əməkhaqqı isə 180 manatdır.
Tədbir respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivinin üzvlərinin konserti ilə davam edib.

BBU-nun Mətbuat Xidməti

Bakı Biznes Universitetində “Məzun günü”ndə əmək yarmarkası təşkil edilibBakı Biznes Universitetində “Məzun günü”ndə əmək yarmarkası təşkil edilib

Oxşar xəbərlər