Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin Bursada yay məktəbi davam edir

Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin Bursada yay məktəbi davam edir Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan yay məktəbi davam edir.
Yay məktəbinin növbəti günü tələbələr Birinci Çələbi Sultan Mehmet və Əmir Sultan türbələrini, həmçinin “Panorama 1326 Bursa” Fatih Muzeyini ziyarət ediblər.
Birinci Çələbi Sultan Mehmet Türbəsini ziyarət zamanı tələbələrə tikili haqqında ətraflı məlumat verilib. Bildirilib ki, türbə İldırım Bəyazidin oğlu Sultan Mehmet Çələbi tərəfindən 1421-ci ildə inşa etdirilib. Bursanın rəmzi kimi qəbul olunan türbədə I Mehmet Çələbi, oğulları Şahzadə Mustafa, Mahmut və Yusif, qızları Səlcuq xatun, Sitti xatun və Ayşə xatunun məzarları yerləşir. Tikiliyə, eyni zamanda, “Yaşıl türbə” deyilir.
XV əsrə aid Əmir Sultan türbəsini ziyarət zamanı qeyd olunub ki, sözügedən məkan Türkiyədə tanınmış dini ibadət ocaqlarından biridir. Burada dəfn olunmuş Əmir həzrətləri üç Osmanlı sultanı zamanında yaşayıb və sufilikdə vəlilik rütbəsinə yüksəlib.
Aİİ-nin tələbələri “Panorama 1326 Bursa” Fatih Muzeyinə də ekskursiya ediblər. Burada Osmanlı dövrünə aid eksponatlarla tanışlıq gənclərdə xüsusi maraq yaradıb. Məlumat verilib ki, dünyanın ən böyük panoramlı muzeyi olan “Panorama 1326 Bursa” fəth gününü 360 dərəcə dairəvi döngədə təsvir edir.
Muzeyin rəsmi açılışı 2019-cu il fevralın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunub.
Xatırladaq ki, yay məktəbində Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstan ali məktəblərinin İlahiyyat fakültələrinin tələbələri də iştirak edirlər. Yay məktəbinin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
Yay məktəbinin davam edəcəyi günlərdə tələbələrə ərəb dili, ingilis dili, Quran, Təfsir, siyər, hədis, fiqh, pedaqogika, bundan əlavə, türk dili və ədəbiyyat fənlərinin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, tələbələr üçün müxtəlif iş adamlarının, tanınmış ilahiyyatçıların iştirakı ilə seminar və konfransların təşkili planlaşdırılıb.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər