ATMU-nun 28 tələbəsi Azərbaycan-Avstriya Turizm Proqramına qoşulub

ATMU-nun 28 tələbəsi Azərbaycan-Avstriya Turizm Proqramına qoşulub Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yarandığı ilk gündən beynəlxalq əlaqələrin qurulmasına və genişləndirilməsinə xüsusi diqqət ayırır. 2007-ci il iyulun 4-də ölkəmizin təhsil təcrübəsində ilk dəfə olaraq ATMU Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti (IMC Krems TEU) ilə “Tourism and leisure managament” (Turizm və istirahət menecmenti) ixtisası üzrə ikili diplom müqaviləsi imzalayıb.
Artıq 12 ildir “Azərbaycan-Avstriya Turizm Proqramı” (AATP) davamlı şəkildə fəaliyyət göstərir.
Müqavilənin şərtlərinə əsasən, IMC Krems TEU-nün Avstriya üzrə AATP proqram direktoru Yens Peter Ennen və Azərbaycan üzrə AATP proqram meneceri Humay Cəfərlinin iştirakı ilə “AATP BA Cohort 2019” qrupunun yaradılması məqsədilə ATMU-da iki mərhələdə müsahibələr keçirilib. Müsahibələrin nəticəsinə əsasən, 28 tələbə “AATP BA Cohort 2019” qrupunda təhsil almaq hüququ qazanıb.
Bu günədək Azərbaycan–Avstriya Turizm Proqramı üzrə ümumilikdə 216 nəfər (203 bakalavr, 13 magistr) Azərbaycan təhsili tarixində ilk dəfə olaraq hər iki ali təhsil ocağının diplomuna sahiblənib. Hazırda proqram üzrə bakalavr pilləsində 77, magistr pilləsində isə 5 tələbə təhsili alır.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər