BDU-nun 100 illiyi münasibətilə Lənkəran Dövlət Universitetində tədbir

BDU-nun 100 illiyi münasibətilə Lənkəran Dövlət Universitetində tədbir Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Lənkəran Dövlət Universitetində (LDU) tədbir keçirilib.
Tədbirdə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov yubiley münasibətilə BDU-nun professor və müəllimlərini, tələbələrini təbrik edib. Bildirilib ki, ölkəmizdə elmin və təhsilin inkişafına verdiyi böyük töhfələrə görə ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti adlandırıb.
N.İbrahimov qeyd edib ki, Lənkəran Dövlət Universiteti Nazirlər Kabinetinin1991-ci il 25 sentyabr tarixli qərarı ilə BDU-nun Lənkəran filialı kimi açılıb, 1992-ci il 23 iyun tarixli sərəncamı ilə isə dövlət statuslu ali məktəb kimi fəaliyyətə başlayıb. O, LDU-da son illər görülən işlər, təhsilin yenilənməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.
Lənkəran Dövlət Universiteti ilə tanışlıq Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş konfransla davam edib.
Konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Rektor Bakı Dövlət Universitetinin fəaliyyəti, görüləcək işlərdən danışıb.
Sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, BDU-nun LDU-da çalışan məzun və doktorantlarından tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən İdrak Əsgərov, baş müəllim Gülbəniz Qədirova çıxış ediblər.
BDU müəllimlərinin keçdiyi ustad dərsləri tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, LDU-nun həyətində Bakı Dövlət Universitetinin 100 illik yubileyi şərəfinə xatirə olaraq dekorativ həmişəyaşıl ağaclar əkilib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər