Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar

Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Səudiyyə Ərəbistanının Kral Fahd adına Neft-Qaz və Minerallar Universitetinin (KFUPM) nümayəndələri ilə görüşüb.
Görüşdə E.Qasımov rəhbərlik etdiyi ali məktəb haqqında ətraflı məlumat verib. O, BANM-in ölkənin ilk ingilisdilli texniki ali təhsil müəssisəsi olduğunu və tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə ikili diplom proqramı əsasında həyata keçirildiyini deyib.
Bildirilib ki, hər il I qrup üzrə ən yüksək bal toplayan abituriyentlərin əksəriyyəti BANM-i seçir və ali məktəb Prezident təqaüdçülərinin sayına görə ölkə reytinqində ilk sıralarda qərarlaşır. E.Qasımov respublikada fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca uğurlu əməkdaşlığın qurulduğunu, tələbələrin həmin şirkətlərdə istehsalat təcrübələri keçməsi üçün əlverişli şəraitin yaradıldığını, tələbələrin beynəlxalq mübadilə proqramlarına qoşulduğunu, eləcə də beynəlxalq şirkətlərlə və universitetlərlə birgə həyata keçirilən elmi-tədqiqat layihələri barədə məlumatları diqqətə çatdırıb.
Neft-Qaz və Minerallar Universitetinin Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin dekanı Əbdüləziz Əl-Kaabi texniki biliklərlə yanaşı, “Qeyri-ənənəvi öyrənmə mühiti” – standartdankənar təhsilin, sosial bacarıqların (səmərəli ünsiyyətqurma, təqdimat, liderlik, komanda ilə işləmək və s.) vacibliyini vurğulayaraq təhsil müəssisəsinin üç modullu yay məktəbləri təşkil etdiyini söyləyib. O, gələcəkdə BANM-lə əməkdaşlıq çərçivəsində Neft-Qaz və Minerallar Universitetinin tələbələrinin Bakıda təcrübə keçmələrinin məqsədəuyğun olduğunu bildirib.
Görüşdə hər iki ali təhsil müəssisəsinin əməkdaşlıq perspektivləri və bir çox fəaliyyətlərin icrası üçün anlaşma memorandumunun imzalanmasının zəruriliyi müzakirə olunub.
Eyni zamanda, yay aylarında yerli və əcnəbi tələbələrin iştirakı ilə birgə yay məktəbinin təşkil edilməsi barədə qərar qəbul edilib. 50-dən çox tələbənin iştirak edəcəyi yay məktəbi onların liderlik, komandada işləmək bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.
Qonaqlar BANM-in kampusu və burada yaradılmış şəraitlə yaxından tanış olublar.
Neft-Qaz və Minerallar Universiteti (KFUPM - King Fahd University of Petroleum & Minerals) Orta Şərq və Şimali Afrika regionunda elm, mühəndislik, energetika, biznes idarəetməsi sahələri üzrə keyfiyyətli təhsil verən ali məktəb hesab olunur. Universitet əsasən bakalavriat, magistratura və doktorantura pillələri üzrə kadr hazırlayır.

BANM-in Mətbuat Xidməti


Oxşar xəbərlər