BANM ilə akademik Zərifə Əliyeva adına Lisey arasında əməkdaşlıq genişlənir

BANM ilə akademik Zərifə Əliyeva adına Lisey arasında əməkdaşlıq genişlənir Bakı Ali Neft Məktəbi (BANM) və akademik Zərifə Əliyeva adına Lisey arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində BANM-in nümayəndə heyəti liseylə tanış olub.
Şagirdlərlə keçirilən görüşdə bu ali məktəbin rektoru Elmar Qasımov akademik Zərifə Əliyeva adına Liseyin yüksək tədris və təlim-tərbiyə sahəsində nadir təhsil ocağı olduğunu deyib. Rektor liseyin Azərbaycanın görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva kimi elm xadiminin adını daşımasının böyük məsuliyyət olduğunu və hazırda təhsil ocağının bu şərəfli adı doğrultduğunu vurğulayıb.
E.Qasımov BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan lisey məzunlarının intellektual səviyyəsinin, sosial fəallığının yüksək olduğunu bildirərək, ali məktəb tələbələrinin uğurunun orta məktəbdə əldə edilən bilik və bacarıqlardan qaynaqlandığını vurğulayıb.
Rektor deyib ki, akademik Zərifə Əliyeva adına Liseyin 18 nəfər yetirməsi Bakı Ali Neft Məktəbinin məzunu olub, onlar hazırda müxtəlif yerli və transmilli şirkətlərdə çalışırlar.
“2019-2020-ci tədris ilində bu ümumtəhsil müəssisəsinin 6 məzunu BANM-i seçib. Onlardan biri Prezident təqaüdçüsüdür”, - deyə rektor qeyd edib.
Liseyin direktoru Mehriban Vəliyeva ikitərəfli əməkdaşlıqdan, bununla da liseyin şagirdləri və gələcək məzunları üçün daha geniş imkan yaradılmasından məmnunluğunu ifadə edib.
Akademik Zərifə Əliyeva adına Liseyin məzunları olan BANM tələbələri Kənan Sadıqov, Qəhrəman Kazımlı, Xalid İsmayıllı öz uğur hekayələrini bölüşüb və şagirdlərə tövsiyələrini veriblər.
Sonda rektor şagirdlərin suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər