Pedaqoji Universitetdə görkəmli pianoçu Vaqif Mustafazadənin xatirəsi anılıb

Pedaqoji Universitetdə görkəmli pianoçu Vaqif Mustafazadənin xatirəsi anılıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Vaqif Mustafazadə adına Mədəniyyət-Xeyriyyə Fondu və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli caz pianoçusu və bəstəkarı, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva Vaqif Mustafazadənin həyat və fəaliyyətindən danışıb. O bildirib ki, Vaqif Mustafazadə sənətkar ifası, novatorluğu ilə Azərbaycan caz musiqisinə yeni, orijinal üslub gətirərək, yaşadığı qısa bir zaman məsafəsində dünyanı heyrətləndirə bilib. Azərbaycan caz musiqisinin banisi Vaqif Mustafazadə yaradıcılığa kiçik yaşlarından başlayıb. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Sənətkarı Azərbaycan muğam-caz hərəkatının memarı da adlandırırlar. Vaqif Mustafazadə gözəl pianoçu olmaqla yanaşı, həm də çoxsaylı caz əsərləri yaratmış istedadlı bir bəstəkar kimi yaddaşlarda iz salıb.
Tədbirin bədii hissəsində Vaqif Mustafazadənin “Yollar”, “Mart”, “Düşüncə”, “Görüşlər”, “Ömrün səhifələri”, “Tam tənha”, “Bayatı Şiraz” və sair əsərləri ifa olunub.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər